www.science.az
23.01.2014 00:00

Azərbaycanlı alim “Hava keyfiyyətinin idarə olunması” layihəsi üzrə toplantıda iştirak edəcək

AMEA Radiasiya Problemləri İnstitutunun “Enerji qənaətedici radiasiya prosesləri” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor İslam Mustafayev fevralın 10-da Moldovanın Kişinyov şəhərinə ezam olunacaq. Məqsəd “Hava keyfiyyətinin idarə olunması” layihəsinin idarəedici komitəsinin toplantısında iştirak etməkdir.

“Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Regional Fəaliyyət Planı” əsasında hazırlanan layihə Azərbaycanla yanaşı, Gürcüstan, Moldova, Rusiya, Belarus, Ukrayna və Ermənistanda da həyata keçirilir.

2011-2014-cü illəri əhatə edən layihə çərçivəsində Azərbaycanda hava keyfiyyətinin idarə olunması üzrə milli qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq konvensiya üzrə protokolların ratifikasiya olunması, Sumqayıtın hava şəraitinə dair ekoloji nəzarət sisteminin yaradılması istiqamətində pilot layihələr gerçəkləşdirilir.

Qeyd edək ki, toplantıda Avropa Birliyinin layihəsinin ölkə üzrə əlaqələndirici orqanı olan AR Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları da iştirak edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.