Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qarabağın arxeoloji abidələri toplusu”nun birinci cildi çapdan çıxıb
20.09.2016 09:34
  • A-
  • A
  • A+

“Qarabağın arxeoloji abidələri toplusu”nun birinci cildi çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun “Qarabağın arxeoloji abidələri toplusu”nun birinci cildi nəşr olunub.

Toplu bu elm müəssisəsinin Qarabağ neolit- eneolit ekspedisiyası tərəfindən 2010-2013-cü illərdə Qarabağ düzənliyi ərazisində aparılmış arxeoloji kəşfiyyat işlərinin nəticəsində müasir texniki vasitələrlə qeydiyyata alınaraq xəritələşdirilən və Qarabağ düzənliyinin arxeoloji abidələrinin vahid “Coğrafi Məlumat Bazası”na daxil edilən neolit və eneolit dövrü abidələrinin bir qismini əhatə edib. Kitabda Azərbaycanın əzəli bölgəsi olan Qarabağın erkən əkinçi-maldar tayfalarına və Leylatəpə mədəniyyətinə aid 99 abidə haqqında üç dildə (Azərbaycan, ingilis və rus dillərində) məlumat verilib. Belə ki, topluda hər bir abidənin fotosu, GPS koordinatları, yüksək dəqiqliyə malik müasir geodeziya cihazlarından və “ArcMap” GİS proqram təminatından istifadə edilərək tərtib olunmuş topoqrafik planları və abidələrin atributiv məlumatları əksini tapıb. “Global Mapper” proqramından istifadə edilərək hər bir abidə üçün relyefin üçölçülü rəqəmsal məlumatlarına əsaslandırılmış “şimal-cənub”, “qərb-şərq” istiqamətlərində en kəsiklərinin təsvirləri də nəşrdə yer alıb. Həmçinin tədqiqat əsərinə abidələrin şimal, cənub, şərq və qərb istiqamətlərində hazırlanmış “3D” görüntüsü, abidələrdən aşkar edilmiş artefaktların qrafik və foto təsvirləri daxil edilib.

Topluya, həmçinin Qarabağın arxeoloji abidələrinin xəritəsi və kitabın elektron variantı yazılmış CD diski də əlavə edilib. Qabaqcıl elmi araşdırmaların müasir parametrlərinə cavab verən tədqiqat əsəri Azərbaycan və dünya arxeologiyasında yenilik kimi dəyərləndirilməkdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: