Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ölkəmizin türkoloq və dilçi alimləri Budapeştdə keçirilən XI Beynəlxalq Böyük Türk Dili Qurultayında iştirak ediblər
30.09.2016 09:07
  • A-
  • A
  • A+

Ölkəmizin türkoloq və dilçi alimləri Budapeştdə keçirilən XI Beynəlxalq Böyük Türk Dili Qurultayında iştirak ediblər

Macarıstanın paytaxtı Budapeştdə keçirilən XI Beynəlxalq Böyük Türk Dili qurultayı işini başa çatdırıb.

Qurultayda Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun rəhbərliyi ilə ölkəmizin türkoloq və dilçi alimlərindən ibarət nümayəndə heyəti iştirak edib.

Budapeştdəki Yunis İmrə Türk Kültürü İnstitutunda keçirilən qurultaya müxtəlif türkdilli respublikalardan, həmçinin Polşa, Rumıniya, Rusiya, Albaniya, Macarıstan və digər ölkələrdən alimlər qatılıblar. Plenar iclaslardan ikisi azərbaycanlı alimlərin - Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Roza Eyvazova və Bakı Slavyan Universitetinin dosenti Məhbubə Məmmədovanın sədrliyi ilə keçirilib. Ümumilikdə doqquz plenar iclasda yüzədək məruzə dinlənilərək müzakirə olunub.

Qurultayda Möhsün Nağısoylu, Vahid Ədilov, Roza Eyvazova, Cahangir Cahangirli, İkram Qasımov, Məhbubə Məmmədova, Ziyafət Qasımova, Aygül Hacıyeva Azərbaycan dilçilik elminin son illərdə keçdiyi inkişaf yolu, türk dillərinin müxtəlif problemləri ilə bağlı tədqiqləri barədə maraqlı məruzələrlə çıxış ediblər. Qurultay çərçivəsində alimlərimiz digər ölkələrdən olan həmkarları ilə gələcək elmi əməkdaşlıq yolları barədə fikir mübadiləsi aparıblar.

Növbəti Böyük Türk Dili qurultayını gələn ilin oktyabrında Berlində keçirilməsi qərara alınıb.

Tədbirin son günü Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində alimlərimizlə görüş təşkil olunub. Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyev elm adamlarının qurultayla bağlı təəssüratlarını dinləyib, onlara son illərdə daha geniş vüsət alan Azərbaycan-Macarıstan humanitar əməkdaşlığı, uğurla həyata keçirilən təhsil proqramı barədə məlumat verib. V.Quliyev alimlərimizi Macarıstan Elmlər Akademiyası və ölkənin ali məktəbləri ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: