Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından ilk kitab çap olunub
04.10.2016 16:54
  • A-
  • A
  • A+

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından ilk kitab çap olunub

Azərbaycan ədəbiyyatının daha mükəmməl və yeni elmi meyarlar əsasında tədqiqinin reallaşdırılması sahəsində son üç ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin çoxsaylı nəticələrindən biri olan   “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası”  adlı kitablar seriyasının nəşrinə başlanılıb. 

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə tərtib edilərək nəşrə hazırlanan kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr” adlı I cildi artıq  işıq üzü görüb. “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” ölkə Prezidentinin 22 noyabr 2013-cü il tarixli Sərəncamına müvafiq olaraq nəşr edilən kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü yaradıcılığı yer alıb.

Məhəmməd Əmin Rəsulzadənin həyatının ikinci mühacirət dövründə (1922-1955) qələmə aldığı bədii əsərləri, elmi-publisistik məqalələri, resenziyaları, “Azərbaycan Cümhuriyyəti”, “Qafqaziya türkləri” monoqrafiyalarının uyğun fəsilləri və s. toplandığı kitab təkcə bu mütəfəkkir ədibin yaradıcılığının öyrənilməsində deyil, eyni zamanda, Azərbaycan ədəbiyyatının xaricdə araşdırılması məsələlərinin, bir çox ədəbi-tarixi faktların, ictimai-siyasi gerçəklərin tədqiqi üçün də dəyərli mənbədir.

Kitaba yazdığı “Mühacirət elmi-ədəbi irsinə nümunə” adlı ön sözdə akademik İsa Həbibbəyli ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin yazdığı elmi-publisist əsərləri “milli düşüncə ilə elmi-siyasi qavrayışın sintezi əsasında yazılmış mükəmməl ədəbiyyatşünaslıq nümunələri” kimi yüksək dəyərləndirib.

Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsində filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlının məsul redaktorluğu ilə hazırlanan kitabda xarici ölkə mənbələrindən, dövri mətbuat materiallarından istifadə olunub.

Məhəmməd Əmin Rəsulzadə kitabının tərtibçiləri və nəşrə hazırlayanları filologiya üzrə fəlsəfə doktoru N.Cabbarlı və professor  Şamil Vəliyevdir.

Hazırda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası”ndan Ceyhun bəy Hacıbəylinin külliyyatı çapa hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: