Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Heydər Əliyev Lektoriyası”nın növbəti məşğələsi 18 oktyabr-Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasına həsr olunub
10.10.2016 14:33
  • A-
  • A
  • A+

“Heydər Əliyev Lektoriyası”nın növbəti məşğələsi 18 oktyabr-Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasına həsr olunub

AMEA-nın Naxçıvan Bölməsində fəaliyyət göstərən “Heydər Əliyev Lektoriyası”nın növbəti məşğələsi 18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunub.

“Ümummilli lider Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi” mövzusunda keçirilən lektoriyanı giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. O, müstəqilliyimizin qorunub saxlanılmasında, möhkəmləndirilməsi və inkişaf etdirilməsində, xalqımızın taleyində, mənəvi, siyasi, ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən ətraflı danışıb. Qeyd edib ki, dahi öndər Heydər Əliyevin zəngin idarəetmə və dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin bərpasına, müstəqilliyimizin möhkəmləndirilməsinə, haqq-ədalətin bərpasına nail oldu.

Tədbirdə Azərbaycan dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi tarixi inkişaf yoluna nəzər salınıb. Bildirilib ki, ulu öndərin həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin hərtərəfli və sürətlə inkişafı, əsaslı dəyişikliklər, xarici siyasətimizdəki uğurlar, əhalinin rahatlığı naminə həyata keçirilən qlobal layihələr bu gün Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.

Lektoriyada Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün müəyyən məqamlarından, eyni zamanda müstəqil Azərbaycan dövlətinin bərpası və inkişafının təmin olunmasında ulu öndərin həyata keçirdiyi məqsədyönlü fəaliyyəti təhlil edilən faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Məşğələyə akademik İsmayıl Hacıyev yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: