www.science.az
20.10.2016 17:15

Azərbaycanın ilk qadın riyaziyyatçı professoru Tamilla Nəsirovanın 80 illik yubileyi qeyd olundu

Oktyabrın 20-də AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Əməkdar müəllim, Azərbaycanın riyaziyyat üzrə ilk qadın elmlər doktoru, professor Tamilla Nəsirovanın 80 illiyinə həsr olunan yubiley iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Telman Əliyev alimin keçdiyi ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açdı. Bildirdi ki, məhsuldar yaradıcılıq yolu keçmiş Tamilla Nəsirova Rusiya və Ukraynada yaranmış “Kolmoqorov- Qnedenko - Skoroxod” elmi məktəbinin yetirməsidir. Riyaziyyatın fundamental sahələrindən biri sayılan ehtimal nəzəriyyəsində aldığı nəticələr onu elm yollarında irəliyə aparmışdır.

Sonra T.Əliyev alimə elmdə göstərdiyi xidmətlərə görə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanını təqdim etdi.

Professor T.Nəsirovanın elmi fəaliyyəti haqqında məruzə ilə çıxış edən institutun laboratoriya müdiri, professor Kamil Ayda-zadə alimin həyat yolunun gənc riyaziyyatçılar üçün örnək olduğunu diqqətə çatdırdı. Bildirdi ki, T.Nəsirova 1953-cü ildə Bakıda 176 saylı orta məktəbi qızıl medalla bitirmiş, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra isə o, AMEA-nın Kibernetika İnstitutuna təyinatla işə götürülmüşdür. Həmin il aspiranturaya daxil olmuş, Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutuna, oradan isə Moskva Dövlət Universitetinə göndərilmişdir.

Qeyd olundu ki, T.Nəsirova 1964-cü ildə Daşkənd Dövlət Universitetində namizədlik, 1994-cü ildə isə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1995-ci ildə BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının professoru seçilmişdir. 1984-cü ildə “Elm” nəşriyyatında çapdan çıxmış “Yarımmarkov dolaşma prosesləri” (rus dilində) monoqrafiyası alimin sonrakı yaradıcılığında əsaslı dönüş yaratmışdır.

K.Ayda-zadə vurğuladı ki, T.Nəsirova çox geniş tətbiq sahəsinə malik olan  semimarkov prosesləri  üçün erqodik teorem isbat etmişdir. O, semimarkov proseslərinin tədqiqində prosesin və onun sərhəd funksionallarının paylanmasının tapılması üçün öz metodunu vermişdir. Alim üç müxtəlif tip semimarkov prosesləri arasında əlaqə yaratmışdır. Alim, həmçinin Erlanq paylanmaları halında semimarkov proseslərinin tədqiqi üçün də üsul  yaratmışdır.

Qeyd edildi ki, T.Nəsirova 64 elmi məqalə, 3 monoqrafiya və 4 kitabın müəllifidir. Riyaziyyat üzrə yetişdirdiyi 7 fəlsəfə doktoru onun yaratdığı elmi-pedaqoji məktəbin davamçılarıdır.

Daha sonra alimin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirildi.

Tədbirdə AMEA-nın müxbir üzvləri Bilal BilalovAğası Məlikovİnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Səyyar Abdullayev, riyaziyyat üzrə fəlsəfə doktoru Könül Ömərova və başqaları çıxış edərək alimi 80 illik yubileyi münasibətilə təbrik etdilər, onun Azərbaycanın riyaziyyat elminin inkişafındakı xidmətlərindən, rəhbər kimi müsbət cəhətlərindən söhbət açdılar, nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirdilər.

Sonda T.Nəsirova ona ünvanlanan təbriklərə və xoş sözlərə görə institutun kollektivinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.