Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar” adlı kitab nəşr olunub
28.10.2016 16:25
  • A-
  • A
  • A+

“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar” adlı kitab nəşr olunub

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru və əməkdaşları mütəmadi olaraq erməniləri ifşa edən əsərlər yazmaqla, bu mövzuda mövcud nəşrləri tərcümə edərək ictimaiyyətə çatdırmaqla Azərbaycan xalqına və dövlətçiliyinə xidmət göstərməkdədirlər. Belə əsərlərdən biri də bu günlərdə dilimizə tərcümə edilərək ictimaiyyətə təqdim olunan “Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar” kitabıdır.

Tərcümə 2011-ci ildə Ankarada Strateji Araşdırmalar Mərkəzi tərəfindən ingilis dilində nəşr edilən “Armenian allegations and historical facts. Questions and answers” kitabı əsasında edilmişdir. Əsəri ingiliscədən dilimizə çevirərək ön sözlə ictimaiyyətə çatdıran millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevadır. Kitabın redaktoru isə millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur.

Bu kitab son vaxtlar qondarma erməni “soyqırımı” ilə bağlı avantüraların yenidən dünya gündəminə gəlməsi ilə bağlıdır. Real tarixi faktları görməzdən gələrək, heç bir əsası olmayan saxta “dəlillərlə” beynəlxalq ictimaiyyətin mövqeyini çaşdırmağa yönələn bu kimi bədnam kampaniyalara qarşı addım olaraq, əsl həqiqətlərin daha geniş miqyasda təbliğinə zəruri ehtiyac yaranır. Yeni kitab bu baxımdan erməni yalanlarına qarşı mübarizədə əsas vasitələrdən biri hesab oluna bilər.

Kitabın əsas hissəsini erməni iddiaları ilə bağlı 12 sual və bu suallara tarixi faktlara söykənən tutarlı cavablar təşkil edir. Nəşrdə, həmçinin ermənilər tərəfindən törədilmiş 1973-1986-cı illəri əhatə edən terror aktlarının xronoloji siyahısı verilir.

Kitabın sonunda biblioqrafiya və mövzu ilə bağlı tarixi fotoşəkillər təqdim olunur.

Qeyd edək ki, yeni nəşr yalnız elmi ictimaiyyət üçün deyil, ümumilikdə hər bir azərbaycanlı üçün tarixi gerçəkləri öyrənmək baxımından dəyərli istinad mənbəyi ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: