www.science.az
27.01.2014 00:00

AMEA prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərində səfərdə olub

AMEA prezidenti, akademik Akif Əlizadə və Elmi-təşkilat idarəsinin müdiri, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov Belarus Milli Elmlər Akademiyasının (BMEA) yaranmasının 85 illiyi və Belarus Elm Gününə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Minsk şəhərində səfərdə olublar.

Səfər zamanı AMEA-nın nümayəndə heyəti “Elm – cəmiyyətin innovasiya yolu ilə inkişafı” beynəlxalq elmi-praktik konfransda, BMEA-nın 85 illik yubileyi və Belarus Elm Gününə həsr olunmuş təntənəli yığıncaqda iştirak ediblər. Tədbirdə akademik Akif Əlizadə məruzə ilə çıxış edib, mətbuat nümayəndələrinə müsahibə verib.

Yanvarın 24-də Belarus Respublikasının Baş naziri M.V.Myasnikoviç AMEA-nın prezidentini qəbul edib. Görüşdə akademik A.Əlizadə elm və texnologiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təklif və tövsiyələrini səsləndirib.

Səfər çərçivəsində AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə BMEA prezidenti, akademik V.Q.Qysakovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş də keçirilib. Görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, AMEA ilə BMEA arasında ikitərəfli əməkdaşlıq haqqında Protokol imzalanıb.

Qeyd edək ki, səfər zamanı akademik Akif Əlizadə BMEA-nın Yer Elmləri Bölməsində bir sıra görüşlər keçirib, Belarus Milli Kitabxanasının fəaliyyəti ilə yaxından tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.