Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.11.2016 15:26
  • A-
  • A
  • A+

Akademik Tofiq Hacıyevin 80 illik yubileyinə həsr edilən elmi konfrans keçirilib

Akademik Tofiq Hacıyevin 80 illik yubileyinə həsr edilən elmi konfrans keçirilib

Bakı Dövlət Universitetində (BDU) görkəmli türkoloq, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr edilən “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli alimin səmərəli elmi fəaliyyətindən, dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. O, T.Hacıyevin 30 il BDU-nun Türkologiya kafedrasına rəhbərlik etməsindən, türkoloq mütəxəssislərin yetişdirilməsindəki rolundan bəhs edib.

Tədbirdə BDU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədov “Akademik Tofiq Hacıyevin həyat və fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edərək görkəmli alimin zəngin elmi irsi, Azərbaycan ədəbi dil tarixi, dialektologiya və türkologiya elminin inkişafındakı xidmətlərindən söz açıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışında T.Hacıyevin ömür yolundan, dilçilik sahəsində böyük bir məktəb yaratmasından, milli təəssübkeşliyindən danışıb. 

Görkəmli dilçi alimlə bağlı xatirələrini bölüşən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təvazökar və səmimi insan olan T.Hacıyevin elmi irsinin daim yaşayacağını, xalqımıza, elmimizə xidmət edəcəyini, nəsillərdən-nəsillərə ötürüləcəyini bildirib. T.Hacıyevin kadr hazırlığı sahəsində fəaliyyətinə toxunan natiq onun tərəfindən dil tarixi, dialektologiya üzrə Azərbaycan və başqa türk xalqları üçün çoxlu sayda elmi işçi yetişdirildiyini diqqətə çatdırıb.

Daha sonra akademik Vasim Məmmədəliyev, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbor üzvü Möhsün Nağısoylu, filologiya elmləri doktoru Qəzənfər Paşayev çıxış edərək akademik T.Hacıyevin türkoloq, türkoloq-azərbaycanşünas kimi fəaliyyətindən, yalnız ölkəmizdə deyil, türk dünyası miqyasındakı xidmətlərindən, apardığı araşdırmalardan danışıblar. Bildirilib ki, ölkəmizdə ədəbi fikrin və dilin tarixinin bu günə gəlib çıxması və Azərbaycan dilinin türk dilləri müstəvisindəki mövqeyinin elmi-nəzəri baxımdan tədqiq edilməsi alimin yaradıcılığının mərkəzində dayanırdı. Onun rəhbərliyi ilə 30-dək fəlsəfə və elmlər doktoru hazırlanıb. T.Hacıyevin çoxillik axtarışlarının nəticələri respublikamızda və onun hüdudlarından kənarda 500-dək elmi əsərdə, 20-dən çox kitabda, eləcə də monoqrafiya və dərsliklərdə əksini tapıb.

Sonda mərhum alimin ailəsi adından çıxış edən oğlu Azər Hacıyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Konfrans işini “Tofiq Hacıyev: görkəmli türkoloq”, “Dilçilik” və “Ədəbiyyatşünaslıq” bölmələri üzrə davam etdirib. Bölmə iclaslarında ümumilikdə 117 məruzə dinlənilib, geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: