Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

07.11.2016 11:45
  • A-
  • A
  • A+

“İrəvan xanlığı” kitabının ərəb dilində nəşrinin təqdimatı keçirilib

“İrəvan xanlığı” kitabının ərəb dilində nəşrinin təqdimatı keçirilib

Noyabrın 6-da Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Tədbir AR Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

Mərasimdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bədnam ermənilərin qəsbkarlıq, işğalçılıq siyasəti apardıqlarından, torpaqlarımızda törətdikləri qanlı hadisələrdən danışıb. Təqdim olunan kitabın əhəmiyyətini vurğulayan K.Tahirov nəşrin bir sıra dillərə - ingilis, rus, rumın, italyan, ispan dillərinə tərcümə olunduğunu bildirib və onun italyan dilində tərcüməsinin təqdimatının 2015-ci ilin may ayında İtaliyanın Turin şəhərində beynəlxalq kitab yarmarkasında çox böyük uğurla keçirildiyini qeyd edib.

Bildirilib ki, Tarix İnstitutunun hazırladığı kitabın elmi redaktoru bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, tərcüməçisi Abd Ər-Rəhman Əl-Xamissi, ərəbcə nəşrin məsul redaktoru Bakı Dövlət Universitetinin (BDU) dosenti Gülnur Mahmuddur.Sonra çıxış edən AR Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə son illərdə tariximizə dair olduqca fundamental əsərlərin nəşr edildiyini söyləyib. Azərbaycan həqiqətlərinin dünyaya daha ətraflı çatdırılmasının zəruriliyini vurğulayıb.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bu gün təqdimat mərasimi keçirilən “İrəvan xanlığı” əsərinin dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yazıldığını və müxtəlif dillərə tərcümə olunduğunu diqqətə çatdırıb.

“İrəvan xanlığı” kitabı barədə danışan Y.Mahmudov bildirib ki, ermənilər XIX əsrdə Cənubi Qafqaza, Azərbaycan torpaqlarına köçürülüblər.

Ermənilərin bu ərazilərdə tarixi torpaqları yoxdur. İrəvan xanlığının yarandığı ərazi ən qədim Azərbaycan-türk torpaqlarıdır. “İrəvan xanlığı” kitabında bu həqiqətlər əks etdirilib.

Bildirilib ki, son illər Tarix İnstitutunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarını sübut edən çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənəd topluları işıq üzü görüb. İnstitutun əsərləri Bakı ilə yanaşı, Moskvada, İstanbulda, Ankarada, İslamabadda, Budapeştdə, Kiyevdə, Londonda, Nyu-Yorkda, Romada, hətta Los-Ancelesdə də nəşr olunur.

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi kitabın ərəb dilinə tərcümə edilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatları Fəzail İbrahimliAydın MirzəzadəHüseynbala Mirələmov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev və digər çıxış edənlər də İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən bəhs ediblər.

Sonda tədbir iştirakçıları Yaqub Mahmudovun müəllifi olduğu və onun rəhbərliyi ilə Tarix İnstitutu tərəfindən nəşr olunan kitablardan ibarət sərgi ilə tanış olublar.

Xatırladaq ki, “İrəvan xanlığı” kitabı 2012-ci ildə “Azərbaycan Respublikasının Dövlət mükafatı”na layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: