Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.11.2016 14:20
  • A-
  • A
  • A+

AMEA ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

AMEA ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu (GGİ) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti filiz yataqlarının geologiyası və dağ-mədən tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər. Bu məqsədlə AMEA-nın Rəyasət Heyətində təşkil olunan tədbirdə tərəflər arasında memorandum imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və səhmdar cəmiyyətin idarə heyətinin sədri Zakir İbrahimov imzalayıblar.

Razılığa əsasən, müştərək olaraq alim və mütəxəssislər Azərbaycan ərazisində mövcud filiz yataqlarının geoloji-geofiziki tədqiqini aparacaqlar. Sənəd elmi-tədqiqat, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsini, layihə və inkişaf proqramlarının həyata keçirilməsini və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasını nəzərdə tutur. Bunun üçün qarşılıqlı məsləhət və texniki təlim xidmətləri təşkil ediləcək, birgə elmi-praktik konfranslar və görüşlər keçiriləcək.

Bütün bu işlər üçün tərəflər texniki, maliyyə və kadr imkanlarını səfərbər edəcəklər. Bu mənada “AzerGold” QSC-nin GGİ-nin kadr potensialı və maddi-teniki bazasından faydalanması, analitik laboratoriyalarından yararlanması, həmçinin institutun şirkət üçün gənc mütəxəssislər hazırlamaq istiqamətində köməyi də memorandumda öz əksini tapır. Bundan başqa, sənəddə “AzerGold” QSC-nin kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqatlar aparmaq üçün AMEA-nın gənc alim və mütəxəssislərinə şərait yaratması məsələsi də nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: