Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin Almaniyada kitabı nəşr olunub
11.11.2016 13:44
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin Almaniyada kitabı nəşr olunub

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın bu günlərdə ingilis dilində "Naxçıvan və Şərqi Anadolunu dialekt və şivələrində söz yaradıcılığının nəzəri məsələləri" adlı monoqrafiyası işıq üzü görüb.

Kitab Almaniyanın nüfuzlu beynəlxalq “Lambert Academic Publishing” nəşriyyatının baş direktoru Anna Ziminanın təşəbbüsü ilə çap olunub. Monoqrafiya giriş, iki fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir.

Yeni tədqiqat əsərində zəngin məhəlli dil faktları ilə yanaşı, son illərin nəşri olan 130-a yaxın elmi ədəbiyyatdan istifadə olunaraq ilk dəfə sistem halında Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrində söz yaradıcılığı ilə bağlı araşdırma aparılır.

Naxçıvan qrupu dialekt və şivələrini öyrənən kitabın ilk fəslində Naxçıvanın dialekt və şivələrinin tədqiq olunma səviyyəsi geniş şəkildə təhlil olunur. Növbəti yarımfəsildə Naxçıvanın dialekt və şivələrində qədim tarixin izləri araşdırılır və faktlarlarla sübuta yetirilir.

Monoqrafiyanın digər yarımfəslində isə Naxçıvanın dialekt və şivələrinin leksik sistemində fono-semantik söz yaradıcılığının qanunauyğunluqları aşkara çıxarılır, bu prosesdə yaranan modellər müəyyənləşdirilir. Birhecalı sözlərin fono-semantik dəyişmə prosesi, əvvələr düzəltmə olmuş sözlərin sadələşmə gedişi, mürəkkəb sözlərdə sadələşmə meylləri, sözlərdə fonetik dəyişmə və onun söz yaradıcılığı ilə əlaqəsi kimi məsələlər müəllif tərəfindən ətraflı araşdırılıb.

İkinci fəsildə Naxçıvanın dialekt və şivələri üzrə birhecalı sözlərin quruluş dəyişmələrində baş verən keçidləri araşdırılır, qədim türk leksik bazası əsasında dialektal törəmələri və onların modelləri göstərilir. Həmçinin mürəkkəb sözlərin sadələşmə prosesində fono-semantik dəyişmələrin ümumi qanunları aşkarlanır, məhəlli sözlərin formalaşmasında baş verən fonetik hadisələrin sistemi ortaya çıxarılır. Qeyd edək ki, bütün bu prosesləri müəllif tarixi-müqayisəli metod tətbiq edərək araşdırır.

Dialekt leksikasının öyrənilməsi dil tarixinin, eləcə də xalqın və onun etnoqrafiyasının tarixinin tədqiqi üçün mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan dilinin dialektologiyası fonunda Naxçıvan bölgəsinə həsr olunan monoqrafiya olduqca əhəmiyyətli tədqiqat əsəri olub Azərbaycan dilinin dialektologiyası, ədəbi dilimizin tarixi, lüğətçiliyimiz, şifahi söz sənətimiz, bütünlükdə xalqımızın soykökü, etnoqrafiyası, tarixi, coğrafiyası üçün xüsusilə faydalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: