Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.11.2016 16:20
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Noyabrın 11-də AMEA-nın Əsas binasında Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə tanınmış dilçi alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli alimin elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, nəcibinsani keyfiyyətlərə malik alim qədim dövr ədəbiyyatımızın və əlyazmaların öyrənilməsi, onların ədəbidil xüsusiyyətlərinin tədqiq edilməsində əvəzsiz xidmətlər göstərib: “Alimin orta əsr və qədim dövr əlyazmaları əsasında yaratdığı sanballı əsərlər Azərbaycanın müstəqillik dövrü milli tərcümə sənəti konsepsiyasını hazırlamaq üçün  çox əhəmiyyətli və nadir mənbələrdir”.

“Yazılı abidələrimizin görkəmli tədiqatçısı” mövzusunda məruzə ilə çıxış edən filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov yubilyarın elmi fəaliyyətinin müxtəlif dövrlərində gördüyü işlərdən danışıb. Bildirib ki, alim Əlyazmalar İnstitutunda işlədiyi müddət ərzində farsdilli və türkdilli əlyazmalar əsasında dəyərli elmi araşdırmalar aparıb: “Bu araşdırmalar nəticəsində XV-XVI əsrlər Azərbaycan tərcümə əsərlərinin əlyazmaları filoloji cəhətdən tədqiq edilib, onlardan ikisi – “Gülşəni-raz”, “Hədisi-ərbəin” ilk dəfə elmi ictimaiyyətə təqdim olunub, bir neçəsinin mətni nəşrə hazırlanıb”.Qeyd edilib ki, professor Möhsün Nağısoylunun əsas tədqiqat obyekti olan orta əsr Azərbaycan yazılı tərcümə abidələri milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi klassik ədəbiyyatımızın hərtərəfli tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edənlər ­­- Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, akademik Vasim Məmmədəliyev, filologiya üzrə elmlər doktoru Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli və digərləri alimin həyat və yaradıcılığından, Azərbaycan dilçilik və mətnşünaslıq elminə verdiyi töhfələrdən, yüksək insani keyfiyyətlərindən bəhs ediblər.

Möhsün Nağısoylu akademiya rəhbərliyinə və tədbir iştirakçılarına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: