www.science.az
14.11.2016 10:12

AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyevanın 70 yaşı tamam olur

Bu gün tanınmış alim və ictimai xadim, Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirinin müavini, Əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyevanın 70 yaşı tamam olur.

Sevda Məm­mə­də­li­yeva 1946-cı il noyabrın 14-də Bakı şə­hə­rin­də anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Uni­versitetini fərqlənmə diplomu ilə bitir­miş­dir. O, 1993-cü ildə fəlsəfə elmləri dok­toru alim­lik dərəcəsini, 1997-ci ildə professor elmi adını al­mış­dır. 2001-ci ildə isə AMEA-nın müx­bir üzvü seçilmişdir.

1970-1983-cü illərdə Azər­baycan Res­publikası Elmlər Akademi­yasının elmi-təd­qiqat institutlarında əvvəl kiçik elmi işçi, son­radan böyük elmi işçi vəzifələrində çalış­mış­dır.

S.Məmmədəliyeva 1983-cü ildən Azər­bay­can Memarlıq və İnşaat Uni­versitetində pe­daqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq do­sent, profes­sor, kafedra müdiri vəzi­fə­lə­rin­də işləyir.

1996-cı ildə elm, mədəniyyət və təhsil sa­hə­sində xidmətlərinə görə "Bilik" Azərbaycan Maarif Cəmiyyətinin me­dalı ilə təltif edilmiş, akademik Yusif Məm­mədəliyev adına mükafatın laureatı ol­muş­dur.

1997-ci ildə sosial fəlsəfə üzrə silsilə iş­lə­rinə görə o, Beynəlxalq Eko­energetika Aka­demiyasının həqiqi üzvü, 1999-cu ildə Rusiya Ekoloji Aka­demiyasının əcnəbi üzvü, 2000-ci il­də NOOSFERA Beynəlxalq Akade­mi­ya­sı­nın həqiqi üzvü seçilmişdir.

1999-cu ildə Azərbaycan Res­pub­li­ka­sı­nın Prezidenti Heydər Əliyevin fərmanı ilə Sev­da Məmmədəliyeva Azər­bay­can Respublikası Mədəniyyət nazirinin müa­vi­­ni vəzifəsinə təyin edilmişdir.

Mədəniyyət sahəsində elmi-praktik baza yaratmaq məqsədilə S.Məm­mədəliyevanın tə­şəbbüsü ilə Mədəniyyət Nazirliyində Mə­də­niy­yət siyasəti şöbəsi yaradılmışdır. Bu şöbə beynəlxalq təşkilatlar və elmi institutlarla (Avropa Şurası, UNESKO, Avropa İttifaqı, MDB ölkələrinin mədəni əmək­daşlıq üzrə Şurası, TÜRKSOY) əməkdaşlıq əsasında mə­də­niyyət sahəsində yeni siyasət işləyib ha­zır­la­yan elmi laboratoriya kimi fəaliyyət göstərmişdir.

1999-cu ildən başlayaraq, S.Məm­mə­də­li­yevanın bilavasitə iştirakı ilə mədəniyyət si­ya­səti sahəsində bir sıra milli və beynəlxalq el­mi proqramlar işlənib hazırlanmışdır. On­la­rın sırasında "Azərbaycan Mədəniyyətinin Döv­lət Strateji İnkişaf Proqramı", "Yox­sul­lu­ğun Azaldılması və İqtisadi İnkişaf üzrə Döv­lət Proqramı" mühüm yer tutur.

Alim Avropa Şurasının "Sta­ge" regional layihəsinin mü­hüm mər­hə­lə­si olan "Mədəni siyasət üzrə milli məruzənin” müəl­liflərindən biridir. O, Avropa Şurasının "Mü­naqişənin mədəniyyət vasi­təsilə aradan qaldırılması" və "Kiyev təşəbbüsü", həm­çi­nin UNESKO-nun "Mədəni çeşidlilik", "GUÖAM ölkələrinin mədəniyyət üzrə obser­va­toriyası" proqramlarının milli koor­di­na­to­ru­dur.

2007-ci ildən Av­ropa Şurasının Mə­dəniyyət üzrə Rəhbər Komitəsi Bürosunun üz­vüdür.

S.Məmmədəliyeva 2005-ci ildə Fransız Elmi Cəmiyyətinin medalına layiq görülmüşdür. 28 yanvar 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Tanınmış elm mücahidini 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və fəlsəfə elminin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.