Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

"Üçrəngli bayrağımızın əbədi qayıdış günü" mövzusunda tədbir keçirilib
16.11.2016 17:30
  • A-
  • A
  • A+

"Üçrəngli bayrağımızın əbədi qayıdış günü" mövzusunda tədbir keçirilib

AMEA Naxçıvan Bölməsində“Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda tədbir keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq əlamətdar tarixi gün-17 noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Gününün yaranmasından ətraflı danışıb. Akademik qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq barədə ikinci dəfə 17 noyabr 1990-cı ildə Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi Hеydər Əliyеvin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiyada məsələ qaldırılıb. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.

Diqqətə çatdırılıb ki, müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə uca tutulub, onun qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncamlar verilib. Belə ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyıb. Bundan əlavə 8 iyun 2004-cü ildə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun imzalanmış, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 17 noyabr 2007-ci ildə Bayraq Meydanının yaradılması, 17 noyabr 2009-cu ildə isə Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncamlar verib.

Tədbirdə o da qeyd olunub ki, müstəqil Azərbaycanın hər bir guşəsində olduğu kimi, Naxçıvanda da dövlət atributlarına münasibət yüksək səviyyədədi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 22 avqust 2014-cü il tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb. Dövlət Bayrağı Meydanı bu gün şəhərimizin füsünkar guşələrindən birinə çevrilib.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda geniş məruzəsi dinlənilib.

Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev mövzu ilə bağlı çıxış edərək, Dövlət Bayrağımızın dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olduğunu vurğulayıblar. Qeyd ediblər ki, millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin rəmzi olan bayrağımız gənclərimizə əmanətdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: