www.science.az
18.11.2016 17:59

AMEA Rəyasət Heyətinin iclasında “Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri” mövzusunda məruzə dinlənilib

Noyabrın 18-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyada çoxillik, qüsursuz və məhsuldar fəaliyyətinə görə Cabbar Bəylərova AMEA-nın Fəxri Fərmanını təqdim edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix üzrə elmlər doktoru, professor Əli Həsənov "Azərbaycanın geosiyasi inkişafının reallıqları ve perspektivləri" adlı məruzə ilə çıxış edib.

Məruzədə postsovet məkanı, Xəzər dənizi–Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionunda geosiyasi inkişafın əsas parametrləri, ölkələrin coğrafi mövqeyinin, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəziyyətinin xarakteristikası, geostrateji vəzifələri və perspektivləri təhlil edilib. Bildirilib ki, Cənubi Qafqaz ölkələrinin müasir geosiyasi xarakteristikası, inkişaf meyilləri və perspektivlərini müəyyənləşdirən parametrlərə əsasən Azərbaycan Respublikası bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur. Bu, ölkəmizin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də mövcud daxili inkişafını şərtləndirir. Azərbaycan coğrafi mövqeyi, təbii ehtiyatları və insan resursları baxımından Cənubi Qafqazın lider ölkəsi hesab olunur. İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri də Azərbaycanda digər Cənubi Qafqaz ölkələrindən üstün və perspektivli görünür. Belə ki, 2015-ci ildə əhalinin təbii artımı Azərbaycanda 111 min, Gürcüstanda 10 min, Ermənistanda isə 12 min nəfər təşkil edib.

Əli Həsənov qeyd edib ki, zəngin geoiqtisadi potensiala malik olan Xəzər dənizi hövzəsi və Cənubi Qafqazın ən əhəmiyyətli coğrafi mövqeyində yerləşməsi, iqtisadi və əmək resursları, insan potensialı baxımından üstünlüyü, əhalinin dövlət siyasətini dəstəkləmə, daxili sabitlik, milli vətəndaş birliyi və sərhəd məskunlaşma xüsusiyyətləri, zəngin enerji mənbələri, Rusiya, Türkiyə, İran kimi regional lider statuslu ölkələrlə quru və dəniz sərhədlərinə malik olması, ABŞ və Qərbi Avropanın böyük ölkələri ilə, Rusiya, Çin, Türkiyə, İran, İsrail kimi dövlətlərlə və beynəlxalq geosiyasi aktorlarla fəal geosiyasət aparması və digər parametrlər üzrə Azərbaycan geosiyasi və geoiqtisadi vəziyyət baxımından Cənubi Qafqazın şəksiz lideridir.

2015-ci ildə Cənubi Qafqazda ümumi daxili məhsulun həcmi 75 milyard ABŞ dollarından çox olub ki, bunun da 70 faizi Azərbaycanın payına düşür. Cənubi Qafqazda sənaye məhsulları üzrə 20 milyard ABŞ dolları dəyərində ümumi istehsalın 80 faizi Azərbaycana məxsusdur. Ötən il bütün mənbələr üzrə Cənubi Qafqaza 26 milyard ABŞ dolları məbləğində kapital qoyulub ki, onun da 19,5 milyard dolları (72 faizi) Azərbaycana aiddir. Bu məbləğin 10,7 milyard dolları xarici kapital olub. Özünütəminat əmsalına görə Azərbaycan öz təhlükəsizliyini bir çox sahələrdə tam, yaxud qismən təmin edib.

Professor Əli Həsənov bildirib ki, Azərbaycan transmilli enerji ixracı dəhlizləri və nəqliyyat-kommunikasiya sistemində əlverişli mövqeyə malikdir. Enerji daşıyıcıları üzrə Cənubi Qafqazda Azərbaycanın vəziyyəti ümumiyyətlə heç bir qonşu ölkə ilə müqayisə olunmazdır. Azərbaycanın təsdiq olunmuş enerji ehtiyatları 4,6 milyard ton şərti yanacaq - 2 milyard ton neft, 2,6 trilyon kubmetr təbii qaz təşkil edir. İxrac marşrutlarının şaxələndirilməsi Azərbaycana təhlükəsiz şəkildə öz karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaq üçün əlverişli imkan yaradıb.

Cənubi Qafqazın mövcud hərbi-geostrateji vəziyyətinin xarakteristikası barədə danışan Əli Həsənov qeyd edib ki, Azərbaycan milli ordusunun say tərkibi, hərbi-texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyətinə görə həm Gürcüstandan, həm də Ermənistandan qat-qat yüksəkdir. Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə miqdarına görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycan hesab olunur. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, hər il böyük həcmdə artmaqla 2015-ci ildə bu rəqəm 4,2 milyard ABŞ dolları təşkil edib.

Sərhədlərin vəziyyətini təhlil edən Əli Həsənov deyib ki, Xəzəryanı və Cənubi Qafqaz ölkələri ilə ortaq sərhəd xətləri hələ də axıra qədər demarkasiya və delimitasiya edilməyib. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometri və Azərbaycan-Ermənistan dövlət sərhədinin 733 kilometri Ermənistan silahlı qüvvələri tərəfindən bilavasitə işğal olunub. Bununla yanaşı, Azərbaycanın Ermənistanı çıxmaq şərtilə, digər qonşu dövlətlərlə sərhəd təhlükəsizliyi sahəsində regional əməkdaşlığı möhkəmləndirməsi, transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparması, Xəzər dənizi və müştərək quru sərhədlərin təhlükəsizliyi və mühafizəsi kimi məsələlərdə tərəfdaşlıq proseslərini dərinləşdirməsi sərhədlərin qorunma əmsalını artırır.

Azərbaycanın müasir geosiyasi reallıqları və perspektivlərindən, regionda və dünyada baş verən qlobal ictimai-siyasi prosesin kontekstindən bəhs olunan məruzə dinlənildikdən sonra geniş müzakirə olunub, suallar cavablandırılıb.

İclasda Prezident İlham Əliyevin “AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamının icrası, “Azərbaycan elminin inkişaf doktrinası”nın layihəsi, ikinci Azərbaycan Elm Festivalının nəticələri və digər elmi-təşkilati məsələlərə də baxılıb.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvləri Aqil Əliyevin 90 və Sevda Məmmədəliyevanın 70 illik yubileyləri haqqında qərarlar qəbul olunub.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.