Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

"Azərbaycan elminin inkişaf doktrinası" müzakirə olunub
18.11.2016 17:54
  • A-
  • A
  • A+

"Azərbaycan elminin inkişaf doktrinası" müzakirə olunub

Noyabrın 18-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında "Azərbaycan elminin inkişaf doktrinası"nın layihəsi müzakirə olunub.

Mövzu ətrafında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanın  gələcəyinin, iqtisadi, siyasi və hərbi qüdrətinin respublikamızın  elmi potensialı ilə bilavasitə bağlı olduğunu deyən akademik ölkənin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal iqtisadi problemlərin Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevirdiyini vurğulayıb.

Akademik Akif Əlizadə Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın icrası ilə əlaqədar görülmüş işlərin bütövlükdə Azərbaycan elminin inkişafına böyük təkan verdiyini söyləyib.

Akademik Akif Əlizadə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  elmimiz qarşısında duran yeni vəzifələr, ölkəmizin gələcək inkişafı, alimlərin bu inkişafda rolu haqqında dərin məzmunlu və proqram xarakterli nitq söylədiyini xatırladıb. Bildirib ki, dövlət başçısının irəli sürdüyü elmi prioritetləri, elmin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq AMEA-nın Ümumi yığıncağı 29 aprel 2016-cı il tarixində "Azərbaycan elminin inkişaf doktrinası"nın hazırlanması barədə qərar qəbul edib. Rəyasət Heyəti tərəfindən hazırlanmış sənədin layihəsində mövcud elmi-texniki potensialın qorunması və inkişafı, elmin idarə edilməsi, təşkili və maliyyələşdirilməsi sistemlərinin təkmilləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə yönəldilməsi, elmlə təhsilin inteqrasiyası, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Akademik sənədin layihəsinin Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında geniş müzakirə olunduğunu əlavə edib.

Rəyasət Heyəti müzakirələrdən sonra Doktrina layihəsini bəyənib və layihənin təsdiq olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: