Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

25.11.2016 15:10
  • A-
  • A
  • A+

Yeni nəşrlər Azərbaycan tarixşünaslığı üçün dəyərli mənbələrdir

Yeni nəşrlər Azərbaycan tarixşünaslığı üçün dəyərli mənbələrdir

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyevin “İngiltərənin  geosiyasi maraqlarında “erməni məsələləri”nin yeri və Azərbaycana təsiri (1917-1920)” və həmin institutun elmi işçisi Elnur Kəlbizadənin “Naxçıvan tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı)” adlı monoqrafiyalarının təqdimatı olub.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ictimaiyyətə təqdim olunan monoqrafiyaların yazılmasının tarixi əhəmiyyətindən, müasir dövr üçün aktuallığından söhbət açıb. Bildirib ki, yeni nəşrlər Azərbaycan tarixşünaslığı üçün dəyərli elmi əsərlər olmaqla yanaşı, müəlliflər tərəfindən aparılan çoxsaylı tədqiqatların nəticələrini özündə əks etdirib. Bu istiqamətdə tədqiqatların aparılmasının və  öyrənilməsinin vacibliyini vurğulayan bölmə sədri diqqətə çatdırıb ki, “İngiltərənin  geosiyasi maraqlarında “erməni məsələləri”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı monoqrafiyada 50-yə yaxın yeni arxiv materialları toplanılıb. Eyni zamanda, tədqiqatın xronoloji çərçivəsinə uyğun olaraq, Naxçıvan diyarının və onun ərazi vahidlərinin xəritələri müəllif tərəfindən ilk dəfə tərtib edilərək “Naxçıvan tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı)” adlı monoqrafiyada ictimaiyyətə təqdim olunur. Azərbaycan tarixinə həsr olunan hər iki monoqrafiyada ermənilərin  ərazi iddiaları elmi dəlillərlə və tarixi faktlarla sübut olunur.

Tədbirdə YAP Naxçıvan şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin “Ermənilərin soyqırımı cinayətləri Böyük Britaniyanın arxiv sənədlərində” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi monoqrafiyanın oxucular üçün qiymətli mənbə, tarix elminə dəyərli töhfə kimi əhəmiyyətindən bəhs edib.

Daha sonra “Naxçıvan tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı)” monoqrafiyası haqqında bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin məruzəsi dinlənilib. “Naxçıvanın tarixi coğrafiyasının tədqiqi yolunda” mövzusunda çıxış edən məruzəçi bildirib ki, giriş, 3 fəsil, 12 yarımfəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı, xəritə və şəkillərin yer aldığı monoqrafiyada XII-XVIII əsrin I yarısında Naxçıvan diyarının tarixi coğrafiyası tədqiq edilib. Kitabda bu dövrdə Azərbaycanın Naxçıvan diyarının daşıdığı inzibati statuslar, sərhədləri, ərazisi, əhalisinin etnik və dini tərkibi öyrənilib. 

Mərasimdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov, Naxçıvan Unversitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev mövzu ətrafında çıxış edərək ictimaiyyətə təqdim olunan hər iki monoqrafiyanın nəşrini yüksək qiymətləndiriblər, kitabların elmi dəyərindən danışıblar.

Sonda çıxış edən müəlliflər Emin Şıxəliyev və Elnur Kəlbizadə tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: