Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elminə ağır itki üz vermişdir
02.12.2016 09:52
  • A-
  • A
  • A+

Azərbaycan elminə ağır itki üz vermişdir

Azərbaycanda texnika elmləri sahəsində mühüm xidmətləri olan görkəmli alim, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü Nizami Süleymanov dekabrın 2-də 71 yaşında vəfat edib.

N.Süleymanov 1945-ci il noyabrın 25-də Əlibayramlı rayonunun Rəncbər kəndində anadan olmuşdur. O, Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Alim ilk dəfə olaraq standart volframlı poladları tamamilə əvəz edə bilən, yeni volframsız alət poladları işləyib hazırlamış və bu elmi yeniliklər istehsalata tətbiq edilmişdir. Standart və yeni tip poladlarda legirlənmə və mikrolegirlənmə sisteminin işlənməsi nəticəsində onların tərkibində yüksək dispersliliyə malik olan struktur almağa imkan verən yeni termiki emal texnologiyası işlənib hazırlanmışdır.

Onun xüsusi dispers struktura malik qənaətlə leqirləşmiş volframsız alət poladlarının və onların termiki üsullarla möhkəmləndirilməsinin işlənib hazırlanması sahəsində xüsusi xidmətləri olmuşdur.

N.Süleymanov “İstiliyə dözümlü və konstruksiya poladlarının yeni üsullarla möhkəmləndirilməsinin tədqiqi və işlənib hazırlanması” mövzusunda namizədlik, “Alətlərin yüksək davamlılığını təmin edən yeni qənaətlə leqirləşmiş volframsız alət poladlarının və onların effektiv üsullarla möhkəmləndirilməsi üsullarının işlənib hazırlanması və maşınqayırmada tətbiqi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1989-cu ildə maşınqayırma ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

Alim 300-dən çox elmi və publisistik əsərin, o cümlədən 61 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Onun elmi əsərlərinin 252‐si xaricdə çap olunmuşdur.

N.Süleymanov gənc kadrların hazırlanması sahəsində də hər zaman fəallıq göstərmiş, onun rəhbərliyi altında 16 fəlsəfə doktoru və 6 elmlər doktoru hazırlanmışdır.

Alimlə vida mərasimi bu gün saat 14:00-da Heydər məscidində olacaq.

Azərbaycan elmində əvəzsiz xidmətləri olan Nizami Süleymanovun xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: