Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

12.12.2016 10:12
  • A-
  • A
  • A+

İsveçdə 2016-cı ilin Nobel mükafatı təqdim olunub

İsveçdə 2016-cı ilin Nobel mükafatı təqdim olunub

Dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Nobel mükafatı laureatlarının təltifolunma mərasimləri keçirilib.

Hər il olduğu kimi, mükafatlar Stokholm və Oslo şəhərlərində Alfred Nobelin anma günü keçirilən mərasimlərdə təqdim edilib. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata verilir.

İsveç paytaxtında keçirilən tədbirdə fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar təqdim olunub. Burada builki Nobel mükafatı laureatları Stokholm Filarmoniyasında keçirilən mərasimdə İsveç Kralı ХVI Karl Qustavın əlindən üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və pul mükafatlarını alıblar.

Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı verilib.

Sonda Nobel mükafatı laureatları və qonaqları üçün rəsmi bayram ziyafəti təşkil olunub.

Xatırladaq ki, fiziologiya və təbabət sahəsində Nobel mükafatına autofaqiya mexanizmlərinin kəşflərinə görə yapon alimi Yoşinori Ohsumi layiq görülüb.

Fizika üzrə Nobel mükafatı alimlər David Toulessə, F.Dunkan Haldana və J.Maykl Kosterlitzə verilib.

Kimya sahəsində Nobel mükafatı molekulyar maşınların dizaynı və sintezi işində kəşflərinə görə üç alimə - fransalı Jan-Pyer Savaja, şotlandiyalı J.Fraser Stoddarta və hollandiyalı Bernard L.Ferinqaya təqdim olunub.

İqtisadiyyat üzrə Nobel mükafatı müqavilələr nəzəriyyəsinin öyrənilməsi sahəsində tədqiqatlara görə alimlər Oliver Hart və Bengt Holmströma verilib.

Məşhur amerikalı musiqiçi və yazıçı Bob Dilan isə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Lakin onun mükafatlandırma mərasimində iştirak etməməsi böyük səs-küyə səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: