www.science.az
14.12.2016 08:49

İnkişafı elmin istehsalata düzgün tətbiqində görən alim

Hər bir insanın şəxsiyyət kimi dəyəri onun elmi, ziyalılığı, vətənə və xalqa xidmət məramı ilə ölçülür. Bu cür insanlar hədsiz dərəcədə qayğıkeş və əltutan olur, ətrafındakılara daim kömək edir, öz yaradıcı potensiallarını ölkəsinin gələcəyinə yönəldir, istək və arzularını reallaşdırmaq üçün hər cür çətinliklərə sinə gərirlər. Sonradan qazandıqları uğurlar onları yüksəklərə qaldırır, kamilləşdirir, müdrikləşdirir, cəmiyyət üçün gərəkli bir insana çevirir. 

Belə ziyalılardan biri də Rafik Mirağa oğlu Məmmədovdur. İstər elm aləmində, istərsə də çalışdığı müəssisələrdə onun haqqında bir fikir söyləyirlər: sadə, təvazökar, iddiasız, bütöv xarakteri ilə diqqət çəkən maraqlı insandır. Rafik müəllim hər şeydən öncə səmimi davranışı, dərin fikirləri ilə seçilən, hər bir hadisəyə, prosesə yaradıcı yanaşan, daim axtarışda olan bir alimdir.

Rafik Məmmədov 1936-cı ilin dekabr ayının 25-də Ordubad rayonunun Vənənd kəndində müəllim ailəsində dünyaya gəlib. 1954-cü ildə kənd orta məktəbini bitirərək Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olub, əvvəlcə əyani, sonra isə qiyabi yolla (istehsalatda işləməklə) təhsilini davam etdirib. 1963-cü ildə institutu bitirərək mühəndis-elektrik ixtisasına yiyələnib. 1961-ci ildə Bakı Elektrik Maşınqayırma Zavoduna (BEMZ) fəhlə kimi işə qəbul olunub. 15 il burada çalışaraq fəhləlikdən zavodun metrologiya və ölçmə texnikası şöbəsinin rəhbəri vəzifəsinə qədər yüksəlib. 

Rafik müəllim digər həmkarlarından fərqli olaraq işində elmi yanaşmaya üstünlük verirdi. İstehsalatda çalışanların əməyinin yüngülləşdirilməsi, istehsalın artırılması və məhsulun keyfiyyətinin yüksəldilməsi üçün daim elmi axtarışlar aparırdı. Bu dövrdə o, zavodun əsas məhsulu olan elektrik mühərriklərinin keyfiyyətinin yüksəldilməsi üçün onların əsas göstəricisi olan küy və titrəyişlərin ölçülməsindən ötrü xüsusi qurğular hazırlayıb. Həmin qurğular keçmiş SSRİ-nin elektrotexnika sənayesinin bir sıra müəssisələrində uğurla tətbiq olunub, eləcə də SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş etdirilib və bürünc medala layiq görülüb.

15 il BEMZ-də işləyən Rafik müəllim elmi-tədqiqat işlərinə üstünlük vermişdir. 1976-cı ildə Sumqayıt şəhərində yerləşən neft-kimya sənayesinin kompleks avtomatlaşdırılması üzrə Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuş, elə orada işlə təmin edilmişdir. Qısa müddətdə Rafik Məmmədov mühəndis vəzifəsindən baş elmi işçi vəzifəsinə kimi yüksələrək 1981-ci ildə “Alkilbenzin istehsalında propan rektifikasiya kalonunun həyəcanlandırıcı təsirə görə optimal idarəetmə sisteminin tədqiqi və işlənməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Dissertasiya mövzusu neft-kimya proseslərinə həsr olunduğu üçün alim 1982-ci ildə o vaxtkı Yeni Bakı Neftayırma Zavoduna (indiki Heydər Əliyev adına Neft Emalı Zavodu) işə qəbul olunmuş və əmək fəaliyyətini burada davam etdirmişdir. O, 27 il ərzində (1982-2009) İnformasiya Hesablama Mərkəzinin (İHM) rəis müavini, rəisi, zavod direktorunun müavini vəzifələrində çalışmışdır.

Rafik Məmmədov İHM-in rəisi vəzifəsində işləyərkən müəssisənin və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması və tətbiqi üçün xeyli əmək sərf etmiş, ən mütərəqqi üsulların zavoda gətirilməsinə çalışmışdır. R.Məmmədovun İHM-ə rəis təyin olunduğu vaxtlar müəssisədə ES və SM tipli elektron hesablama maşınlarından (EHM) istifadə olunurdu. Keçən əsrin 90-cı illərində fərdi kompüterlər (FK) respublikamızda yenicə yayılmağa başlamışdı. Alim müəssisədə fərdi kompüterlər parkı yaratmaqla idarəetmənin özülü olan informasiya emalının bilavasitə yerlərdə aparılmasına nail olmuşdu. Bununla da FK-da işləməyin asanlığı, əvvəlki nəhəng EHM-in başqa peşə sahiblərində yaratdığı səddin - “qorxu”nun aradan götürülməsi təmin olunmuşdu. Artıq fərdi kompüterlər əvvəlki kimi müəyyən qrup mütəxəssislərin yox, müxtəlif peşəyönümlü mühəndis-texniki işçilərin ən yaxın köməkçisinə çevrilmişdi.

Bundan sonra zavodda çoxsəviyyəli lokal kompüter hesablama şəbəkələri (LKHŞ) yaradıldı. Bunun sayəsində istehsalatın müasir tələblər səviyyəsində idarə olunmasına geniş imkanlar açıldı. Belə ki, LKHŞ-lər kompüter parkından, onların proqram və informasiya resurslarından daha səmərəli istifadə önə çəkildi. O zaman məhz Rafik Məmmədovun rəhbərlik etdiyi İHM-in kollektivinin böyük əməyi sayəsində müəssisənin müxtəlif bölmələrinin internetə daxil olması ilə beynəlxalq informasiya mərkəzlərinin resurslarından da istifadə etməyə şərait yarandı. Daha sonra kompüterlərdən ilk növbədə müəssisə üçün tez mənfəət gətirən, yəni səmərəsi göz qabağında olan işlərə başlanıldı. Rafik Məmmədovun böyük əməyi və səyi nəticəsində kompüter texnologiyası əsasında İHM-in nəzdində mətbəə yaradıldı. Bununla müəssisəyə lazım olan çoxtirajlı direktiv və normativ sənədlərin, broşürlərin, kitabların, texniki hesabatların və digər işlərin görülməsi üçün nəşriyyat təşkil olundu.

Zavodun “Neftayıran” qəzeti uzun illər müəssisədən kənarda çap olunurdu. Rafik Məmmədovun təklifi ilə bu çətinlik də aradan qaldırıldı. “Neftayıran” qəzeti İHM-in mətbəəsində çap olunmağa başladı və zavod əməkçilərinə vaxtında çatdırıldı. 

Müəssisənin və texnoloji proseslərin müasir idarəetmə sisteminin və mətbəə texnikasının tətbiqi zavodda yüksək texniki-iqtisadi səmərə əldə etməyə imkan verdi. Əsas məsələlərdən biri texnoloji qurğuların LKHŞ-yə qoşulması oldu. Bununla da qurğularda gedən prosesləri bilavasitə kabinetlərdən izləmək və idarə etmək üçün şərait yarandı. Müntəzəm olaraq yeni FK-lar alınaraq zavodun bütün şöbələrində və sexlərində avtomatlaşdırılmış iş yerlərinin (AİY) yaradılmasına başlanıldı. Bu işlərin yerinə yetirilməsi üçün İHM-də bəzi tətbiqi proqramlar paketi yaradıldı, bəziləri isə müvafiq təşkilatlardan alınaraq istehsalata tətbiq olundu.

Bununla belə, kompüter texnologiyasında baş verən yeniliklərlə ayaqlaşmaq heç də asan deyildi. Tezliklə İHM-in texniki bazasının möhkəmləndirilməsində əhəmiyyətli işlərin görülməsi tələb olunurdu. O zaman zavodun şöbə, istehsalat sahələrində yüksək ixtisaslı mütəxəssislər çalışsa da, onların sırasında müasir FK-da müstəqil işləyə bilən işçilər az idi. Bu, təbii idi. Axı, FK-nın respublikamızda yayılmasına yenicə başlanılmışdı. Rafik Məmmədovun böyük səyi nəticəsində tezliklə müəssisədə hər bir kəsin kompüterdən müstəqil istifadə edəcəyinə inam yarandı. Planlaşdırma, mühasibat-uçotu, kadr və s. məsələlərin həllinə tam ehtiyac artdıqca yeni kompüter sistemlərinin yaradılması üçün yüksək səviyyəli mütəxəssislər lazım idi. Artıq bu işləri bilən kadr çatışmazlığı hiss olunurdu. Belə mütəxəssislərə çox ehtiyac duyulurdu. Lakin zavoda kənardan mütəxəssis qəbulu son dərəcə məhdud olduğundan həmin problem də həll edilməli idi. Onun həllinə İHM-in say tərkibinin artırılması ilə deyil, onların daxili imkanlar hesabına ixtisas səviyyələrini təkmilləşdirməklə nail olundu. Bunun üçün İHM-in nəzdində kompüter kursları təşkil edildi və zavod əməkçiləri həmin kurslarda çalışaraq test imtahanları verib, xüsusi sertifikatlar almağa başladılar. Nəticədə zavodda fəaliyyət göstərən İnformasiya-Hesablama Mərkəzi respublikada istehsalat sahəsində fəaliyyət göstərən qabaqcıl elm müəssisəsinə çevrildi.

Rafik Məmmədov Azərbaycan Dövlət Neft Akademiyasının və Neft Kimya Sənayesinin Kompleks Avtomatlaşdırılması üzrə Elmi-Tədqiqat İnstitutunun müqavilə əsasında zavodda apardığı bütün işlərdə, elmi yeniliklərin istehsalata tətbiq olunmasında da yaxından iştirak etmişdir. Eyni zamanda, o, elmi işləri davam etdirməklə tədris proseslərinin fəal iştirakçısı olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Neft Akademiyasının və Heydər Əliyev adına Neft Emalı Zavodunun birgə əmri əsasında tələbələrin istehsalatla yaxından təmasda olması üçün zavodun nəzdində İHM-də üç kafedranın (“İstehsalat proseslərinin avtomatlaşdırılması”, “İnformasiya ölçmə və hesablama texnikası” və “Avtomatlaşdırılmış idarəetmə sistemləri”) filialları açılmışdır. Rafik müəllim bu kafedraların hər üçündə dərs yükü aparmışdır. O, uzun müddət Neft Akademiyasında müəllim kimi çalışmış, mühazirələr oxumuşdur. Elmi-pedaqoji fəaliyyətinə görə SSRİ Xalq Təhsili üzrə Dövlət Komitəsinin 4 noyabr 1989-cu il tarixli qərarı ilə ona informasiya-ölçmə və hesablama texnikası kafedrasının dosenti elmi rütbəsi verilmişdir.

Rafik müəllim uzun illər Azərbaycan Dövlət Neft Akademiyasında müdafiə üzrə elmi şuranın üzvü və avtomatlaşdırılmış idarəetmə sistemləri ixtisası üzrə dövlət attestasiya komissiyasının sədri olmuşdur. İHM-in səmərəli fəaliyyətinin göstəricilərindən biri də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmin istehsalata tətbiqinə həsr olunmuş bir neçə elmi konfransının məhz burada keçirilməsidir. Rafik müəllim avtomatlaşdırma və hesablama texnikası üzrə dünyada aparılan elmi işlərlə də tanış olmuş və beynəlxalq konfranslarda iştirak etmişdir. O, Almaniya, İtaliya, İspaniya, Finlandiya və Türkiyədə keçirilən beynəlxalq elmi konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir. Eyni zamanda, bu elmi işlərin çalışdığı zavodda tətbiqinə nail olmuşdur.

Rafik müəllim çox xeyirxah insandır. O, İHM-in bütün əməkdaşlarına böyük qayğı ilə yanaşmış, onların işdə və həyatda yüksəlmələrinə köməyini əsirgəməmişdir.

1993-cü ildə zavodun təsis konfransında YAP Nizami rayonu Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ərazi ilk partiya təşkilatının sədri seçilmiş və 16 il (1993-2009) bu vəzifədə çalışmışdır. Fəaliyyətə başlayanda 7 nəfərdən ibarət olan YAP üzvlərinin sayı 800 nəfəri ötmüşdür. 

2003-cü ildə Rafik müəllimi zavoda direktor müavini vəzifəsinə təyin etdilər. Rafik müəllim uzun illər çalışdığı İHM-nin kiçik kollektivindən ayrılaraq bütün zavod işçilərinin qayğısını çəkməyə başladı. 

Alim yaranan imkandan istifadə edərək müəssisədə yeni texnika və texnologiyaların tətbiqində, eləcə də bu sahədə işləmək üçün kadrların hazırlanmasında yaxından iştirak edib. Xüsusilə müəssisədə onun rəhbərliyi ilə aparılan kompüterləşmə işləri əməyin yüngülləşməsinə, idarəetmənin təkmilləşməsinə daha geniş imkanlar yaratdı.

Rafik Məmmədov 2009-cu ildən təqaüddədir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, neft sənayesində səmərəli fəaliyyətinə görə Prezidentin fərdi təqaüdünə layiq görülüb. Rafik müəllim bunu uzun illik, gərgin əməyinə verilən ən yüksək qiymət hesab edir, möhtərəm Prezidentə dərin minnətdarlığını bildirir. 

Rafik müəllimin 80 yaşı tamam olur. Alim bu gün də ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir.

Telman ƏLİYEV, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru

"Azərbaycan" qəzeti, 14 dekabr 2016-cı il