Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanda genetik ehtiyatların qorunması işi yüksək qiymətləndirilib
14.12.2016 11:30
  • A-
  • A
  • A+

Azərbaycanda genetik ehtiyatların qorunması işi yüksək qiymətləndirilib

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Meksikanın paytaxtı Mexiko şəhərində 5 günlük elmi ezamiyyətdə olub.

CİMMYT beynəlxalq təşkilatı tərəfindən keçirilən “Genbanklar üçün genomika” adlı seminarda İCARDA, İRRİ, İCRİSAT kimi beynəlxalq qurumlarla yanaşı, Azərbaycan, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Çexiya və bir sıra başqa ölkələrdən genom və molekulyar marker texnologiyaları ilə çalışan 48 alim və mütəxəssis iştirak edib.

M.Abbasov seminarda “Azərbaycan bitki genetik ehtiyatlarının genotipləşdirilməsi” adlı məruzə ilə çıxış edib. Bildirib ki, AMEA GEİ-də molekulyar markerlərlə bitkilərin genotipləşdirilməsinə 2007-ci ildən başlanılıb və nəticələrə aid çoxsaylı beynəlxalq məqalələr yayımlanıb. 2013-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində ölkəmizdə genom səviyyəsində tədqiqatlara başlamaq və yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədilə GEİ-nin Biotexnologiya şöbəsinin tərkibində Genomika laboratoriyası yaradılıb və Yeni Nəsil Sekvenserləri (YNS) quraşdırılıb. 2015-ci ildən başlayaraq sekvens əsasında genotipləşdirmə, amplikon sekvensləmə və SNP metodları ilə tədqiqatlar aparılıb, eyni zamanda buğda və arpa bitkiləri üzrə ilkin nəticələr alınıb. Bundan əlavə, YNS-lərlə kiçik genomların oxunması üzrə də tədqiqatlar aparıldığını söyləyən M.Abbasov 2015-ci ildən ABŞ və Avstraliya alimləri ilə birgə nar bitkisinin genomunun de-novo oxunması prosesi yekunlaşıb.

Alimlər genom səviyyəsində aparılan tədqiqatların genbank və seleksiya işləri üçün önəmli olduğu bildiriblər. Tədbirdə əldə olunmuş yeni metodlar, bəzi tədqiqatların nəticələri nümayiş etdirilib və yeni genomu oxunan orqanizmlər haqqında məruzələr dinlənilib. Qeyd edilib ki, artıq bütün beynəlxalq və inkişaf etmiş ölkələrin genbanklarında saxlanılan bitki genetik ehtiyatlarının de-novo və reseqvenslənməsi işinə başlanılıb və minlərlə bitkilərin genomlarının oxunması yekunlaşıbdır.

Tədbirdə Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda genetik ehtiyatların qorunması, in-situ və ex-situ saxlanılması, seleksiyada istifadəsi və müasir texnologiyalardan istifadə etməklə öyrənilməsi işi yüksək qiymətləndirilib.

Seminarda genom səviyyəsində tədqiqatların gücləndirilməsi, yeni metodların mənimsənilməsi və beynəlxalq layihələrdə birgə iştirak etmək məqsədilə ABŞ, Çin, Fransa və Çexiyanın təmsilçiləri ilə müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: