Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

20.12.2016 16:37
  • A-
  • A
  • A+

AMEA ilə BP şirkəti arasında əməkdaşlıq haqqında protokol imzalandı

AMEA ilə BP şirkəti arasında əməkdaşlıq haqqında protokol imzalandı

Bu gün AMEA Rəyasət Heyətində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin başçılıq etdiyi nümayəndə ilə görüş keçirildi. Əsas məqsəd “Azərbaycanda elm və innovasiyaların tətbiqi sahəsinin inkişafı üzrə fəaliyyətlər” layihəsi çərçivəsində BP ilə əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Öncə AMEA prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq BP-nin Azərbaycanda fəaliyyət göstərən nümayəndələri ilə keçirilən görüşlərin əhəmiyyətindən danışdı. Bildirdi ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra BP şirkəti Azərbaycan elminin inkişafına mühüm töhfələr vermiş, ölkənin neft sənayesində çoxsaylı nailiyyətlərə imza atmışdır: “Bu gün BP təkcə AMEA-da deyil, eləcə də bütövlükdə ölkənin ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli rola malikdir”.

Alim müasir dövrdə Azərbaycanın müvafiq sahədə çalışan alim və mütəxəssislərinin BP ilə birgə layihələr həyata keçirməsi üçün zəmin yarandığını qeyd etdi. O, BP kimi dünyaca məşhur şirkətin bundan sonra da Azərbaycan elminə, onun sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcəyinə, iki qurum arasındakı əməkdaşlığın daha səmərəli və intensiv olacağına əminliyini ifadə etdi.

A.Əlizadə ölkədə uzunömürlülərin gen səviyyəsinin öyrənilməsi məsələsinin AMEA-da qarşıya qoyulan mühüm vəzifələrdən olduğunu qeyd edərək bu məsələ ilə bağlı BP təcrübəsinin öyrənilməsinin zəruriliyini önə çəkdi.

Sonra çıxış edən Qordon Birrell Azərbaycan rəhbərliyinin BP-nin buradakı fəaliyyətinə daim dəstək verdiyini vurğuladı. Təmsil etdiyi şirkətin Azərbaycanda təhsil, mədəniyyət, idman və kənd təsərrüfatı sahələrinin inkişafında böyük xidmətlər göstərdiyini deyən qonaq 2017-ci ildə BP-nin ölkəmizdəki fəaliyyətinin 25 ilinin tamam olacağını bildirdi.

Q.Birrell bildirdi ki, BP hazırda Xəzər dənizi ilə bağlı layihələrə böyük sərmayələr yatırır. O, ən böyük layihələrdən olan "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə çoxsaylı qazma və kəşfiyyat işlərinin aparıldığını söylədi. Qeyd etdi ki, ən çox sərmayə yatırılan ikinci böyük layihə isə "Şahdəniz-2" layihəsidir.

Görüşdə, həmçinin tərəflər arasında texnologiyaların transferi və innovativ layihələrin aqrar sektor istiqamətində inkişafı barədə əməkdaşlıq, qabaqcıl texnologiya və metodların inkişafı və təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində muzakirələr aparıldı.

Daha sonra akademik Akif Əlizadə və BP-nin regional prezidenti Qordon Birrell əməkdaşlıq haqqında protokol imzaladılar. Hər iki qurum AMEA tərəfindən elmin ayrı-ayrı sahələrində əldə edilmiş nailiyyətlərin və innovativ yeniliklərin BP-nin operatoru olduğu layihənin həyata keçirildiyi ərazilərdə tətbiq edilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi barədə razılığa gəldi.

Sonda qonağa Azərbaycanın palçıq vulkanlarının atlası və AMEA-nın yubiley medalı hədiyyə edildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: