Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Elmə böyük töhfələr vermiş alim
21.12.2016 10:04
  • A-
  • A
  • A+

Elmə böyük töhfələr vermiş alim

Tamilla Həşim qızı Musayeva - tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, dövlət mükafatı laureatı. Bu elmi titulları sadalamaq onları qazanmaq üçün çəkilən bir ömürlük zəhmətin dəyərini ölçməyə bəs etmir. Ömrünü elmə həsr etmiş əsl alimlər bu elmi adları qazanmağın nə qədər çətin, həm də şərəfli, zəhmətli bir iş olduğunu dərk edə bilərlər. Kiçik həcmli bir məqaləni yazmaq da insandan xüsusi bacarıq tələb edir. Görünür ki, alimlər də Allah tərəfindən xüsusi bacarıq verilmiş insanlar qisminə aiddir.

Əsl alimdə Allah tərəfindən verilmiş xüsusi bir istedad da var. Onun ömür yolu müəyyənləşəndə alim olmaq kimi təyin edilir. Ömrünü elmə həsr etmiş alimlərin cəmiyyətə bəxş etdikləri isə bilikdir, insanların beynini, şüurunu işıqlandıran nurdur. Məhz belə nurlu, dəyərli alimlərimizdən biri də bütün mənalı ömrünü elmə həsr etmiş Tamilla Həşim qızı Musayevadır. O, şərəfli bir ömür yaşamış, milli mədəniyyətimizin tarixinin tədqiqinə dəyərli elmi töhfələr vermişdir. 

Musayeva Tamilla Həşim qızı 1931-ci il dekabrın 31-də Bakıda anadan olmuş, 1939-1949-cu illərdə Bakı şəhərində 46 saylı məktəbdə orta təhsil almışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1954-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsilini başa vurmuş Tamilla xanım o vaxtdan başlayaraq bütün həyatını elmə bağlamışdır. O, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi fəaliyyətə başlamış, indiyədək həmin elm ocağında yaradıcı fəaliyyətlə məşğuldur. Onun bütün elmi yaradıcılığı Azərbaycan tarixinin təhsil və mədəniyyət məsələlərinin tədqiqinə həsr olunmuşdur. Ancaq o, bu problemlərlə yanaşı, Azərbaycan tarixinin ən mühüm, həyatı əhəmiyyətli məsələlərinə də diqqət yetirmişdir. Tamilla xanım 1962-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1980-ci ildə isə doktorluq dissertasiyasını başa çatdırmışdır. Onun 1980-ci ildə nəşr olunmuş “İnqilab və Azərbaycanda xalq təhsili (1920-1940-cı illərdə Azərbaycanda xalq təhsilinin inkişafı tarixinin oçerkləri)” monoqrafiyası doktorluq dissertasiyası kimi təqdim olunmuş və bu əsərə görə ona tarix elmləri doktoru elmi dərəcəsi verilmişdir. 1984-cü ildə T.Musayeva “İnqilab və Azərbaycanda xalq təhsili” monoqrafiyasına görə Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüş, 1992-ci ildə isə professor elmi adını almışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2005-ci il 4 iyul tarixli sərancamına görə T.Musayevaya “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. Alimin elmi axtarışlarının əsas istiqamətlərindən biri 1920-1940-cı illərdə Azərbaycan xalq təhsilinin inkişafı tarixi, bu sistemin yaranması və onun respublika əhalisinin ümumtəhsil səviyyəsinin yüksəldilməsində rolunun tədqiqi olmuşdur. Azərbaycanda xalq təhsilinin inkişaf tarixinin elmi cəhətdən əsaslandırılmış dövrləşdirilməsi, onun əsas mərhələlərinin müəyyən edilməsi, xalq təhsilinin təşkilinin özünəməxsus xüsusiyyətlərinin təhlili, xalqımızın keçdiyi tarixi yolun təcrübəsinin öyrənilməsi T.Musayevanın Azərbaycan tarixşünaslığına dəyərli töhfəsidir.

T.Musayeva respublikada birincilər sırasında Azərbaycanda savadsızlıqla mübarizə kimi həlledici problemin həllinin işlənməsi ilə məşğul olmuşdur. O, bu mübarizənin forma və metodlarını öyrənmiş, onun XX əsrin 20-30-cu illərində geniş tətbiq edilən mədəni yarışlar və estafetlər kimi formalarını, bu işdə xalq kütlələrinin iştirakı və rolunu, Azərbaycan şəraitində spesifik xüsusiyyətlərini tədqiq etmişdir. Bu məsələnin tədqiqi böyük beynəlxalq əhəmiyyət kəsb edirdi. Belə ki, Azərbaycanın təcrübəsi, respublikada onun həllinin forma və metodları, müsəlman dünyası ölkələrində savadzılığın ləğvi təcrübəsində müvəffəqiyyətlə tətbiq edilə bilərdi.

T.Musayeva ilk dəfə olaraq 1920-ci ildən başlayaraq respublika maarif işçilərinin qurultay və müşavirə materiallarını öyrənmiş və elmi dövriyyəyə daxil etmiş, Azərbaycanda xalq təhsilinin yeni prinsiplərinin tədqiqində görkəmli müəllimlərin və maarif xadimlərinin fəaliyyətinin elm təhlilini vermiş, ilk ali təhsil müəssisələrinin yaranması və inkişafını, yeni Azərbaycan ziyalı kadrlarının hazırlanmasında onların rolunu kompleks şəkildə tədqiq etmişdir. Azərbaycan qadınlarının təlimi və təhsili, onların azadlıq və bərabərliyə aparan mürəkkəb mücadilə yollarının öyrənilməsi, respublikanın ictimai-siyasi və iqtisadi həyatına cəlb edilməsi məsələləri alimin elmi axtarışlarının mövzusudur. O, ilk dəfə olaraq Azərbaycan və Zaqafqaziyanın bitərəf qadınlarının qurultay və konfranslarının materiallarını aşkara çıxarmış və qadınların azadlığı prosesində onların rolunu göstərmişdir. Onun tədqiqatlarında ötən əsrin 20-30-cu illərində həyata keçirilən əlifba islahatı, yazı problemləri mühüm yer tutur. O, 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultayın əhəmiyyətini açıb göstərmiş, qurultayda qəbul edilmiş material və sənədləri tədqiq etmiş, türk xalqlarının əlifbasının latın yazı qrafikasına keçirilməsində Azərbaycanın rolunu aşkarlamışdır. Onun tədqiqatlarında din, sovet hakimiyyətinin 20-30-cu illərdə dindarlara münasibəti məsələsi əhəmiyyətli yer tutur. T.Musayeva Azərbaycan tarixşünaslığında məlum səbəblərə görə lazımi səviyyədə öyrənilməmiş yeni bir problemi tədqiq etmişdir. Bu cəhətdən onun islam dininə həsr edilmiş və 1997-ci ildə Bakıda keçirilən beynəlxalq konfransda çıxışı diqqətəlayiqdir. Konfransda çıxışında o, ilk dəfə olaraq sovet hakimiyyətinin dinə münasibətinin təkamülünü izləməyə, totalitar rejim möhkəmləndikcə insan hüququnun pozulmasını, ateizmin güclənməsini və özfikirliyin təqib olunmasını göstərməyə çalışmışdır. Onun elmi axtarışlarının mühüm istiqamətlərindən biri elmin formalaşması və inkişafı məsələsidir. Alim Azərbaycanda ilk elmi mərkəzlərin yaranması tarixini öyrənmiş, 1945-ci ildə Milli Elmlər Akademiyasının yaradılmasının əsasını qoymuş “Azərbaycanın tədqiqi və tətöbbə cəmiyyəti” nin, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun, SSRİ EA Zaqafqaziya filialının fəaliyyətini hərtərəfli tədqiq etmişdir.

T.Musayeva 1920-30-cu illərdə Azərbaycanın təkcə İttifaq daxili deyil, həmçinin respublika tarixşünaslığında tədqiq olunmamış xarici ölkələrlə mədəni əlaqələrini üzə çıxarmışdır. Bəhs olunan illərdə Azərbaycan xarici ölkələrlə geniş mədəni əlaqələr həyata keçirirdi. Bu axtarışların nəticələri “Azərbaycan beynəlxalq mədəni qarşılıqlı əlaqələrdə” mövzusuna həsr olunmuş beynəlxalq simpoziumda (Bakı, 1988) təhlil edilmişdir. Azərbaycanın mədəniyyət tarixini T.Musayeva kompleks şəkildə tədqiq etmişdir. Yuxarıda qeyd edilən problemlərlə yanaşı, 1920-30-cu illərdə ədəbiyyat və incəsənət (teatr, musiqi, kino, təsviri incəsənət) məsələləri də onun tədqiqat obyektidir. Bu problem 2000-ci ildə nəşr edilmiş çoxcildli “Azərbaycan tarixi”nin VI cildinin müvafiq fəsillərində (V,VIII, X) öz əksini tapmışdır. 

T.Musayeva bir sıra ümumiləşdirilmiş, o cümlədən Ümumittifaq əhəmiyyətli əsərlərin yazılmasında iştirak etmişdir. O, 1917-ci ildən 1941-ci ilədək olan dövrü əhatə edən, 1975 və 1976-cı illərdə Moskvada nəşr edilmiş “SSRİ-də mədəni həyat” Ümumittifaq xronologiyasının I və II cildlərinin hazırlanmasında Azərbaycandan tərtibçi kimi iştirak etmişdir. 

T.Musayeva üç cildli “Azərbaycan tarixi” kitabının” (Bakı, 1963, III cild, I, II hissələr) müəlliflərindən biridir. O, 2000-ci ildə çap olunmuş “Azərbaycan tarixi”nin VI cildinin müəllifi və və redaksiya heyətinin üzvlərindən biridir. Alim ötən əsrin 20-30-cu illərində Azərbaycan mədəniyyətinin yaranması və inkişafı tarixinə həsr edilmiş V, VIII fəsillərin müəllifi, X fəslin isə müştərək müəllifidir. Azərbaycan Sovet Ensiklopediyasında nəşr olunmuş bir sıra məqalələrin müəllifidir. 

T.Musayeva 2003-cü ildə nəşr olunmuş “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər” adlı əhəmiyyətli əsərin tərtibçi redaktoru və müəlliflərindən biridir. O, Azərbaycan MEA-nın 60 illik yubileyi ilə bağlı 2005-ci ildə nəşr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması və elmi ziyalı kadrların formalaşması yollarında (1920-1945-ci illər)” adlı monoqrafiyanın və I Türkoloji qurultayın 80 illiyinə həsr olunmuş “Azərbaycan xalqının əlifbasının inkişafı yolunda mühüm mərhələ” adlı 2006-cı ildə çap olunmuş kitabın həmmüəllifidir. 2015-ci ildə T.Musayevanın “Azərbaycan mədəniyyəti əsrlərin dönəmində (XX əsrin 20-30-cu illəri)” adlı sanballı monoqrafiyası işıq üzü görmüşdür. Bu monoqrafiyanı alimin apardığı çoxillik araşdırmaların nəticəsi hesab etmək olar. Monoqrafiya XX yüzilliyin 20-30-cu illərində Azərbaycanda mədəni quruculuq tarixinin kompleks öyrənilməsinə həsr olunmuşdur. Əsər əhatə dairəsinə, faktların zənginliyinə görə mədəniyyət tariximizin öyrənilməsinə sanballı töhfə hesab oluna bilər.

Tədqiq edilən problemlərin mahiyyətinə dərindən nüfuz etmək, çoxsaylı mənbələrin və arxiv materiallarının tədqiqata cəlb edilməsi, elmi nəticələrin dəqiqliyi və ciddiliyi, elmi həqiqətin müdafiəsində prinsipiallıq və ardıcıllıq T.Musayevanın elmi işləri üçün səciyyəvi cəhətlərdir. T.Musayeva beynəlxalq, Ümumittifaq və respublika əhəmiyyətli konfrans, simpozium və sessiyalarda elmi məruzələrlə dəfələrlə çıxış etmiş, bu forumlarda respublikada tarix elmini ləyaqətlə təmsil etmişdir.

T.Musayeva elmi-təşkilatçılıq işində fəal iştirak edir. Uzun illərdir ki, o, Tarix İnstitutunun Elmi Şurasının və Doktorluq dissertasiyaları müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvüdür. 27 namizədlik və 12 doktorluq dissertasiyalarının opponenti olmuşdur.

T.Musayeva elmi kadrların hazırlanması sahəsində böyük iş aparır. Onun rəhbərliyi altında 12 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir və hazırda o, 4 doktorluq işinin və bir sıra aspirant və dissertantların elmi rəhbəridir.

O, eyni zamanda, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. T.Musayeva bir neçə il ərzində Bakı Dövlət Universitetinin tarix fakültəsində “Azərbaycan tarixi” üzrə ümumi kursdan, “Azərbaycanda mədəni quruculuq tarixi” üzrə isə ixtisas kursundan dərs demişdir, dəfələrlə universitetin tarix fakültəsində dövlət imtahanları komissiyasına sədrlik etmişdir. 

T.Musayeva tarix elminin nailiyyətlərinin təbliği sahəsində fəal iş aparır. Onun dövri mətbuatda Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı məsələlərinə həsr edilmiş 25 publisistik məqaləsi nəşr olunmuşdur. İşlədiyi müddətdə T.Musayeva özünü yüksək erudisiyalı və təşəbbüskar elmi işçi, respublika elmi ictimaiyyəti içərisində aparıcı mütəxəssis kimi tanıtmışdır. T.Musayeva uzun elmi axtarışlar yolunda həyat yoldaşı tarix elmləri doktoru, professor Adil Məmmədovla birgə addımlamışdır. Bu gün hər iki görkəmli alim Azərbaycan tarix elminin daha da inkişafı naminə öz dəyərli fəaliyyətlərini davam etdirirlər.

Yaqub Mahmudov, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı

"Azərbaycan" qəzeti, 21 dekabr 2016-cı il

  • Paylaş: