Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib
22.12.2016 17:33
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Dekabrın 22-də AMEA-nın Əsas binasında Yer Elmləri Bölməsinin (YEB) növbəti büro iclası keçirilib.

İclası açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun rəhbəri olduğu qurumun 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən hesabatı dinlənilib. Akademik bildirib ki, institutun əməkdaşları cari ildə öz elmi-tədqiqat işlərini iqlim dəyişmələrinin Azərbaycan təbiətinə və təsərrüfat komplekslərinə gözlənilən təsirin qiymətləndirilməsinə, regionların iqtisadi-coğrafi problemlərinə, Xəzər dənizinin Azərbaycan akvatoriyasında hidrofiziki sahələrin kompleks tədqiqinə və digər istiqamətlərə həsr ediblər. Başa çatmış elmi tədqiqat işlərində 10-dan artıq mühüm elmi nəticə əldə olunub.

Qeyd olunub ki, tədqiqatların nəticələri Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb. Həmçinin Günəş avtomobillərinə təsir edən əsas qüvvələri nəzərə alaraq, hərəkətin differensial tənliklərinin həll edilməsinə əsaslanan, yol boyunca avtomobilin hərəkətinin simulyasiyası və vizuallaşdırılması metodu işlənilib. Binəqədi yatağı quyularının neft, lay suları və kern materialları palinoloji analiz edilib və neftdə aşkar edilmiş bitki tozcuq və sporların, təsnifatı məlum olmayan mikrofossillərin Erkən Pliosen yaşlı süxurlara uyğunluğu müəyyən olunub.

Akademik diqqətə çatdırıb ki, Coğrafiya İnstitutunda 4 qrant layihəsi üzrə nəzərdə tutulan proqramlar çərçivəsində elmi-tədqiqat işlərinin icrası aparılıb və bu ilin sonunda daha 2 layihə qalib gəlib. Cari ildə institutun əməkdaşları tərəfindən 200-ə yaxın çap olunmuş və ya çapa təqdim olunmuş elmi əsərin olduğunu söyləyən alim bildirib ki, xaricdə çap olunan 45 məqalədən 7-si impakt faktorludur. Həmçinin “Azərbaycan Respublikasının coğrafiyası” üçcildliyi monoqrafiyasının həmmüəllifləri 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Elm” nominasiyası üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüblər.

Daha sonra mövzu ətrafında AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyev və digərləri çıxış edərək hesabatla bağlı fikirlərini bölüşüblər.

Sonda bir sıra cari məsələlərə baxılıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: