Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.12.2016 16:21
  • A-
  • A
  • A+

Məktəblilərə Azərbaycanın hazırki ekoloji vəziyyəti barədə məlumat verilib

Məktəblilərə Azərbaycanın hazırki ekoloji vəziyyəti barədə məlumat verilib

Dekabrın 22-də AMEA-nın Mərkəzi Nəbatat Bağında (MNB) "Qardenklub ekoloji sosial maarifləndirmə klubunun qurulması" layihəsinə yekun vurulub. Qardenklub layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi, MNB və Botanika İnstitutunun təşkilatçılığı ilə həyata keçirilib. Layihənin keçirilməsində əsas məqsəd şagirdlərin dərsdənkənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsi və onların ekoloji maarifləndirilməsidir.

"Danışan oduncaq halqaları", Bitkinin görünməyən memarları", "Azərbaycanlı bitkilər", “Ekoloji təhlükəsizlik”, “Kiçik bağbanlar” kimi mövzular üzrə 3 ay müddətində davam edən layihənin  təlimlərində 6 məktəbin 200-dən çox şagirdi iştirak edib. Təlimlər nəzəri və praktiki hissədən ibarət olmaqla MNB və Botanika İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb. Məktəblilərə təlimlər zamanı Bağın kolleksiyasına daxil olan müxtəlif bitkilərin təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri barədə məlumat verilib. Ağaclardan nümunə götürülməsi qaydaları, götürülmüş nümunələr üzərində oduncaqdakı halqaların qalınlığına və rənginə görə ağacların yaşının təyini, ətraf mühitdə başverən iqlim dəyişikliyi, çirklənmə və s. nəticəsində yaranan dəyişikliklər izah edilib. Sahədə məktəblilərin iştirakı ilə dekorativ bitkilər əkilib və onlara qulluq qaydaları öyrədilib.

Məktəblilər Botanika İnstitutunda Bitki ehtiyatları şöbəsində laborator şəraitdə aparılan tədqiqatlar və avadanlıqların iş prinsipi ilə yaxından tanış olublar. Herbari Fondunda saxlanılan dəyərli tip nümunələri, onların saxlanılma şəraiti və rəqəmsallaşdırılaraq Avropa məlumat bazasına daxil edilməsi haqqında məlumat verilib. Botanika muzeyində nümayiş olunan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgidə Hirkan meşələrinin on klassik relikt ağac növünün yayılma əraziləri nümayiş etdirilib.

Növbəti həftə ərzində təlimlərdə iştirak edən bütün şagirdlər sertifikatlarla təltif olunacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: