Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədi ilə tədqiqatlar aparılır
04.02.2014 00:00
  • A-
  • A
  • A+

Termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədi ilə tədqiqatlar aparılır

AMEA Geologiya İnstitutu tərəfindən termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədi ilə tədqiqatlar aparılır. Bütün səylərini bu ocaqların yerləşmə koordinatlarını müəyyən etməyə yönəltmiş alimlər termal suların yüksək enerji potensialına malik olduğunu iddia edirlər. Həmçinin, yüksək temperaturlu termal sulardan elektrik enerjisi almaq mümkündür.

Tədqiqatlar “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq aparılır. Əsas məqsəd tükənməyən enerji əldə etməkdir. Tədqiqatlar institutun “Hidrogeologiya və mühəndisi-geologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Yusif İsrafilovun rəhbərliyi ilə həyata keçirilir. O, qeyd edir ki, hazırda Geologiya İnstitutu alimlərinin qarşısında duran əsas məsələ Azərbaycandakı termal suların mənbələrini koordinatlarını dəqiq müəyyən etməkdir: “Bu ocaqların yeri dəqiqləşdirilərsə, quyu qazmanın elmi əsaslı imkanları müvafiq dövlət qurumuna təklif olunacaqdır”.

Araşdırmalar Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Vasiliy Lavruşinlə birgə aparılır. Alimlər termal suların dərinliyini hidrogeoloji, geokimyavi, geodinamik, geotermik və digər kompleks üsullar ilə müəyyən edə bilirlər. Belə ki, su yerin səthinə tektonik çatlarla çıxanadək kilometrlərlə qalınlığı olan süxur qatlarından keçir. Tərkibindəki müxtəlif süxurlara aid komponentlər suyun nə qədər dərinlikdən gəldiyini müəyyən etməyə imkan verir.

Həmçinin, yerin təkinin geotektonik şəraitini, dərin tektonik çatların strukturunu və hidrogeodeformasiya sahələrinin dinamikasını tədqiq etməklə termal suların miqrasiya yollarını aşkarlamaq mümkün olur. Bu isə nəticədə termal suların ocağının yerləşdiyi koordinatları da müəyyənləşdirməyə imkan verir.

Məlumatı AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsiyaymışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: