www.science.az
28.12.2016 15:01

Geologiya və Geofizika İnstitutu illik hesabatını təqdim etdi

Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib. Hesabat Yer Elmləri Bölməsi və GGİ-nin Elmi Şurasının birgə iclasında dinlənilib.

Bölmənin rəhbəri, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə aparılan tədbirdə institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov geniş məruzə ilə çıxış edib. O, xatırladıb ki, hesabat ili Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 25 illik yubileyi dövrünə təsadüf edib. Bu tarixi hadisənin ilk günündən indiyə qədər ölkəmiz çox sürətli inkişaf yolu keçib və müstəqillik illərində “Əsrin müqaviləsi”nin imzalanmasına, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsinə nail olub. Dövrümüzün ən böyük infrastruktur layihələrindən olan “Cənub qaz dəhlizi” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihələri uğurla reallaşdırılır. Dünyaca məşhur olan bu layihələrdə ölkənin geologiya elminin böyük rolu olduğunu deyən natiq əlavə edib ki, iqtisadiyyatın, elm və mədəniyyətin, ictimai həyatın bütün sahələrindəki uğurlar Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı, Respublika Prezidenti İlham Əliyevin müdrikliyindən, səmərəli siyasətindən mənbələnir. Tariximizdəki bu şərəfli səhifələr bir daha sübut edir ki, ölkə rəhbərliyi Azərbaycan xalqının həmrəyliyinə və çox böyük yaradıcı potensialına böyük qayğı ilə yanaşmaqdadır.

D.Hüseynov bildirib ki, 2016-cı ildə GGİ-də 5 problem üzrə 14 mövzuda 25 elmi tədqiqat işi aparılıb. Ümumən 8 elmi tədqiqat işi başa çatdırılıb. Həmçinin 6 qrant layihəsinin icrası tamamlanıb, 6 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilir.

Bunlardan əlavə, institutda 21 nəfər elmlər doktorluğu, 22 nəfər isə fəlsəfə doktorluğu üzrə təhsil alıb. Bu gün elmi müəssisədə 19 bakalavr və 12 magistrant çalışır. Onların buraxılış işləri və dissertasiyaları çalışdıqları şöbələrdə aparılan elmi tədqiqatların mövzularına müvafiq müəyyən edilir.

Hesabat ilində institut əməkdaşlarının 87 elmi əsəri dərc edilib. Bundan əlavə, alimlərimiz xarici nəşrlərdə 38 elmi məqalə çap etdiriblər. Onlardan 26-sı impakt faktorlu jurnallarda işıq üzü görüb, 12-si Thomson Reuters bazasına daxil olan jurnallarda çap olunub.

Hesabata dair digər çıxışlar, sual və cavablar dinlənildikdən sonra institutun 2016-cı ildəki fəaliyyəti yüksək qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.