www.science.az
28.12.2016 15:42

"Şərəfli ömür. Zirəddin Xasiyev - 80" elmi-publisistik məqalələr toplusu təqdim edildi

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda tanınmış dialektoloq alim Zirəddin Xasıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunan tədbir keçirildi. Tədbirdə Dilçilik İnstitutunun Dil tarixi və dialektologiya şöbəsinin əməkdaşlarının tanınmış dialektoloq alim Zirəddin Xasıyevin 80 illik yubileyi münasibətilə hazırladığı "Şərəfli ömür. Zirəddin Xasiyev - 80" elmi-publisistik məqalələr toplusu təqdim edildi.

Tədbiri açan Nəsimi adına Dilçilik İstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu görkəmli alimin həyat və elmi fəaliyyətindən geniş söz açaraq, dialektologiya elminə verdiyi töhfələrdən, uzun illər apardığı araşdırmaların elmimizin inkişafındakı rolundan bəhs etdi. Bildirdi ki, Zirəddin Xasıyev "Azərbaycan dilinin dialektologiya atlası", "Azərbaycan dilinin dialektoloji lüğəti" və "Tovuzun toponim dünyası" elmi əsərlərinin müəllifidir. Onun "Tovuzun toponim dünyası" adlı kitabında xalqımızın soykökü, təşəkkülü, inkişaf mərhələləri ilə bağlı el-oba adlarında daşlaşaraq qalmış türk etnoslarının mənşəyi və semantikasının araşdırıldığını qeyd etdi.  

Sonra çıxış edən filologiya elmləri doktoru Qəzənfər Paşayev görkəmli alimin ömür yolundan bəhs etdi. O, alimin tələbəlik illəri, müəllimlik və elmi fəaliyyəti ilə bağlı xatirələrini danışdı.

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva qayğıkeş müəllim, dəyərli elm adamı Zirəddin Xasıyevi unudulmaz insan kimi xarakterizə etdi. Dialektologiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanan kitabın görkəmli alimin xatirəsinə qoyulan dərin diqqət və ehtiramın göstəricisi olduğunu bildirdi.

Qeyd edək ki, "Şərəfli ömür. Zirəddin Xasiyev - 80" kitabının elmi redaktoru və ön söz müəllifi professor Məhərrəm Məmmədli, tərtibçi dosent Qüdsiyyə Qənbərova, rəyçilər filologiya üzrə fəlsəfə doktoru Güntəkin BinnətovaKübra Quliyevadır.

Daha sonra çıxış edən digər iştirakçılar da  Zirəddin Xasıyevlə bağlı maraqlı xatirələrindən söz açdılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.