Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elminə ağır itki üz verib
29.12.2016 12:47
  • A-
  • A
  • A+

Azərbaycan elminə ağır itki üz verib

Tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə dekabrın 29-da 59 yaşında vəfat edib.

Elbrus Əlizadə 1957-ci ilin mart ayının 4-də Ağdaş rayonun Alalbir kəndində anadan olmuş, Ağdaş şəhərində orta məktəbdə təhsil almışdır. O, 1979-cu ildə ADU-nun (indiki BDU) geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan EA Coğrafiya İnstitutuna işə göndərilmiş, həmin institutda baş laborant vəzifəsindən bölmə müdiri, baş elmi işçi, direktor müavini vəzifələrinədək yüksəlmişdir.

1984-cü ildə “Cənub-Şərqi Qafqazın cənub yamacının relyefinin kosmofotoşəkillərinin deşifrələnmə materiallarının tətbiqi ilə morfostruktur təhlil” mövzusunda namızədlik, 2004-cü ildə “Alp-Himalay qovşaq zonası mərkəzi hissəsinin şərq seqmenti dağ sistemlərinin morfostruktur differensiasiyası qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Alim 1992-ci ildən BDU-nun Coğrafiya fakültəsində mühazirə oxuyub. 2005-ci ildən həmin fakültənin “Fiziki coğrafiya” kafedrasının professoru olub.

E.Əlizadə 250-dən çox elmi əsərin müəllifi idi. Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında alimin böyük xidmətləri olmuşdur. O, coğrafiya sahəsində 7 fəlsəfə doktoru yetişdirmişdir. 

Görkəmli alimin əsas elmi nailiyyətləri Azərbaycan ərazisinin dağlıq ərazilərinin morfostruktur quruluşunun kosmik materiallın deşifrələnmə materiallarının tətbiqi ilə tədqiqinə, kosmik şəkillərin struktur-geomorfoloji deşıfrələnmə metodlarının işlənilməsinə, geomorfoloji risklərin qiymətləndirilməsinə, geodinamik-gərgin ərazilərin öyrənilməsinə, Böyük və Kiçik Qafqaz dağlarının, geosistemlərinin ekogeomorfoloji tədqiqinə, müasir dağ ekegeokomplekslərinin formalaşmasına, kompleks endo-ekzodinamiki amillərin təsir dərəcələrinin müəyyən edilməsi və digər elmi problemlərə həsr olunmuşdur.  

Alim YUNESKO-nun nəzdində Rusiya Federasiyasının Vladikavkaz şəhərində fəaliyyət göstərən "Dağların tarazlı inkişafı" elmi mərkəzinin Müşahidəçilər Şurasının üzvü, 2008-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Yer Elmləri” ixtisasları üzrə Ekspert Şurasının üzvü, 2011-ci ildən isə elmi katibi idi.

Elmə verdiyi töhfələrə və yorulmaz yaradıcılıq fəaliyyətinə görə ölkə Prezidentinin 26 may 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.

Azərbaycan elmində əvəzsiz xidmətləri olan Elbrus Əlizadənin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: