Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Vidadi Muradov “Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb
03.01.2017 16:11
  • A-
  • A
  • A+

Professor Vidadi Muradov “Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun rəhbəri, professor Vidadi Muradov “Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunub.

Vidadi Muradov xalçaçılıq tarixinə dair bir sıra elmi-fundamental tədqiqatların, monoqrafiyaların, broşürlərin, dərsliklərin, televiziya filmlərinin, həmçinin Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Qazax-Borçalı, Təbriz, Quba, Şirvan qruplarına həsr edilmiş və dünyanın müxtəlif ölkələrində nəşr olunmuş əsərlərin müəllifidir. O, Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının təsisçisi və baş redaktorudur.

Tədqiqatçı-alimin rəhbərliyi ilə 2015-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə Dərbənd şəhərinin 2000 illiyinə həsr edilmiş “Dərbənd xalçaçılığı” elmi-tədqiqat layihəsi həyata keçirilib. UNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrası tərəfindən dəstəklənmiş layihənin nəticəsi olaraq “Dərbənd xalçaçılığı” (“Дербентское ковроткачество”) monoqrafiyası nəşr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: