Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan Muxtar Respublikasının sututarlarının və çaylarının göy-yaşıl yosunları” monoqrafiyası nəşr olunub
05.01.2017 16:21
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikasının sututarlarının və çaylarının göy-yaşıl yosunları” monoqrafiyası nəşr olunub

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin elmi işçisi Seyfəli Qəhrəmanovun “Naxçıvan Muxtar Respublikasının sututarlarının və çaylarının göy-yaşıl yosunları” kitabı işıq üzü görüb. 

Monoqrafiyada Naxçıvan Muxtar Respublikasının sututarlarında yayılan göy-yaşıl yosunların növ müxtəliflikləri, sututarların tipindən, eyni zamanda mövsümlərdən asılı olaraq yayılması tədqiq edilib, ekokoji-coğrafi, fiziki-coğrafi şəraiti göstərilib, növ tərkibi və sistematik strukturu təhlil olunub, yosun taksonlarının sistematikası hazırlanıb. Sututarların tipi və hündürlük qurşaqlarına görə yayılma qanunauyğunluqları, inkişaf dinamikası elmi əsaslarla öyrənilib.

Yeni nəşrdə göy-yaşıl yosunların adları ilk dəfə olaraq latın dili ilə yanaşı, Azərbaycan dilində də  göstərilib.

Qeyd edək ki, monoqrafiyadakı məlumatlar, 2003-2014-cü illərdə region ərazisində olan müxtəlif tip sututarlardan, o cümlədən Naxçıvançay, Gilançay, Arpaçay, Əlincəçay, Gənzəçay, Kotamçay, Qaradərəçaydan və onların qollarından, Heydər Əliyev, Uzunoba, Sirab və Naxçıvan su anbarlarından, Qanlıgöl, Batabat göllərindən və digərlərindən toplanılmış 500-ə qədər nümunələrin üzərində aparılan tədqiqatlardan alınıb.

Monoqrafiyadan ali məktəblərin biologiya profilli fakültələrinin və orta məktəblərin tədris proqramlarının tərtib edilməsində, həmçinin beynəlxalq alqofloranın sistematikasının tərtibində, yosun növlərinin yeni yayılma areallarının müəyyənləşdirilməsində istifadə edilə bilər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: