www.science.az
09.01.2017 09:08

Alim, ictimai xadim, elm təşkilatçısı

Torpaqşünaslıq və ekologiya elmləri sahəsində tanınmış alim, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, Bakı Dövlət Universitetinin torpaqşünaslıq kafedrasının müdiri, akademik Qərib Şamil oğlu Məmmədovun anadan olmasının 70 ili tamam olur.

1947-ci il yanvar ayının 6-da Ermənistan SSR-nin Amasiya rayonunun Yeniyol kəndində dünyaya göz açan Qərib Məmmədov orta təhsilini kənd məktəbində başa vurduqdan sonra 1966-cı ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya-biologiya fakültəsinə qəbul olmuşdur. Seçdiyi yolun hamar olmayacağını bilsə də, o, tələbəlik illərindən elmə böyük həvəs göstərmiş, institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-tədqiqat Eroziya Bölməsində laborant, 1972-ci ildən bu günə kimi elmi fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə bağlamışdır. Qərib müəllim institutun Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının kiçik, baş elmi işçisi, laboratoriya rəhbəri işləmiş, 1994 -2000-ci illərdə institutun direktoru, eyni zamanda “ixtisaslaşdırılmış müdafiə” və “elmi” şuralarının sədri olmuşdur. O, hazırda da bu elmi müəssisədə Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının müdiri kimi fəaliyyət göstərməkdədir.

1978-ci ildə “Mil düzünün qərb hissəsinin otlaq torpaqlarının aqroekoloji xarakteristikası və bonitirovkası” mövzusunda dissertasiya işini müdafiə edərək, kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almış Qərib Məmmədov elmi fəaliyyəti, apardığı tədqiqat işləri, əldə etdiyi nailiyyətlərlə təkcə respublikamızda deyil, xarici ölkələrin elmi dairələrində də tanınır, onun əsərlərinə çoxsaylı istinadlar edilir. Qeyd edək ki, akademik doktorluq dissertasiyasını 1991-ci ildə Dnepropetrovsk Dövlət Universitetində “Azərbaycanın kənd təsərrüfatı və meşə altında olan torpaqlarının ekoloji qiymətləndirilməsi” mövzusunda müdafiə etmişdir. Alim 1992-ci ildə ekologiya ixtisası üzrə biologiya elmləri doktoru elmi dərəcəsini və professor elmi adını almışdır.

Qərib Məmmədov rəhbər vəzifələrdə çalışdığı müddətlərdə də elmlə əlaqəsini kəsməmiş, torpaqşünaslıq elminə bir çox yeniliklər gətirmişdir. Azərbaycanda torpağın ekologiyası, relyefin plastikası nəzərə alınmaqla torpaq xəritəsinin tərtibi, torpağın bonitirovkası, demək olar ki, akademik Qərib Məmmədovun adı ilə bağlıdır. Torpaq örtüyünün aerokosmik şəkillərlə tədqiqi, onlardan alınan zəngin informatik materialın analizi işi onun sayəsində xeyli inkişaf etmişdir. Alim Azərbaycanın torpaq ehtiyatları və onlardan səmərəli istifadə olunması, torpaqların ekoloji qiymət xəritəsinin tətbiqi, iqtisadi qiymətləndirilməsinin elmi əsasları, münbitliyinin konseptual və riyazi modelləşdirilməsi, aqroekoloji xüsusiyyətlərinin və bonitirovkasının müasir metodlarla öyrənilməsi, Azərbaycanın ekoloji problemlərinin sistem halında tədqiqi konsepsiyasının işlənilməsi, ölkənin torpaq kadastrının rayonlaşdırılması və monitorinqi, məkan məlumatlarının idarə olunması və torpaq inzibatçılığı, torpaqların eko-etik problemləri və onların həlli yolları və s. sahələrdə elmi araşdırmaların müəllifidir.

Qərib Məmmədovun apardığı tədqiqatlar öz əksini 700-ə yaxın elmi əsərdə, o cümlədən çoxsaylı kitablarda, 30 metodik tövsiyə və kitabçada, 36 müəlliflik şəhadətnaməsi və patentdə, 5 səmərəli təklifdə, 20-dən çox dərslik və dərs vəsaitində, 30 monoqrafiyada tapmışdır. Akademikin əsərləri təkcə torpaqşünaslığın deyil, bu sahəyə yaxın olan ekologiya, torpaq coğrafiyası, torpaq kadastrı və monitorinqi, geodeziya və yerquruluşu, meşəçilik, aqroekologiya, meliorasiya və digər elmlərin inkişafında əvəzsiz rol oynamışdır. Akademik həmçinin dəfələrlə dünyanın müxtəlif şəhərlərində, tanınmış elm mərkəzlərində keçirilmiş beynəlxalq simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxış edərək Azərbaycanı layiqincə təmsil etmişdir.

Qərib Məmmədovun elmi əsərləri içərisində monoqrafiyalar xüsusi yer tutur. Mütəxəssislər onun “Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi” monoqrafiyasını torpaqşünaslıq tariximizin dəyərli əsəri kimi qəbul edirlər. Burada kənd təsərrüfatı və meşəaltı, eləcə də digər torpaqların, landşaft komplekslərinin ekoloji qiymətləndirilməsindən, torpaq örtüyü strukturunun və tərkiblərinin bioekoloji, torpaq kadastrının ekoloji xüsusiyyətlərindən, Azərbaycan torpaqlarının aqroistehsal qruplaşması problemlərindən, respublika ərazisinin təbii və kənd təsərrüfatı əsasında rayonlaşdırılmasından və sair məsələlərdən bəhs edilir. Akademikin dəyərli əsərlərindən biri də “Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər” monoqrafiyasıdır. Burada torpaqların münbitliyinin bioekoloji qiymətləndirilməsinin metodik əsasları, kənd təsərrüfatı yerlərinin və meşə sahələrinin torpaqlarının bonitirovkası, aqroistehsal qruplaşma məsələləri, ayrı-ayrı landşaft komplekslərinin səmərəli istifadəsi məqsədilə bioloji xüsusiyyətləri nəzərdən keçirilmişdir. Akademik əsərdə torpaq islahatının və onun həyata keçirilməsi prosesində meydana çıxmış yeni hüquqi münasibətlərin əsas problemlərini şərh etmişdir.

Mütəxəssislər yaxşı bilirlər ki, lüğət üzərində işləmək, onu nəşrə hazırlamaq çox çətin bir prosesdir və yalnız təmənnasız olaraq elmin inkişafı barədə düşünən alimlər bu işə vaxt ayırırlar. Bu mənada Qərib Məmmədovun çoxşaxəli yaradıcılıq fəaliyyətində lüğətçilik xüsusi yer tutur. Alimin bu sahədə ilk təcrübəsi 2004-cü ildə “Elm” nəşriyyatında işıq üzü görmüş “Torpaqşünaslıq və aqrokimya terminləri lüğəti” olmuşdur. Düzdür, 1956 və 1962-ci illərdə rusca-azərbaycanca oxşar lüğətlər nəşr olunmuşdu, ancaq həmin lüğətlərin müasir dövrün tələblərinə cavab verməməyi, eləcə də terminlərin ingilis dilində anlamına böyük ehtiyac duyulması akademik Qərib Məmmədovun bir neçə alimlə birgə rusca-azərbaycanca-ingiliscə torpaqşünaslıq və aqrokimya terminləri lüğətini hazırlaması ilə nəticələnmişdir. Qeyd edək ki, 5500-dən artıq termindən ibarət olan bu lüğət əsasında akademikin elmi redaktorluğu ilə 2008-ci ildə “Torpaqşünaslıq və aqrokimya terminlərinin izahlı lüğəti” nəşr olunmuşdur. Burada torpaqların genezisinə, təsnifatına, xəritəçiliyinə, deqradasiyasına, münbitliyinə, meliorasiyasına, rekultivasiyasına, torpaq örtüyünün strukturuna, aqrofizikasına, kimya və mineralogiyasına, biologiyasına, aqroekologiyasına, bonitirovka və kadastrına, aqrokimya, aqrotexnika və əkinçiliyin əsaslarına aid şərhlər və izahatlar verilmişdir. Bu lüğət hazırda da torpaqşünaslıq, ekologiya, aqrokimya, kənd təsərrüfatı və biologiya sahələrində çalışan elmi işçilər, mütəxəssislər, ali məktəb tələbələrinin stolüstü kitabıdır.

Bunlardan başqa, Qərib Məmmədov həmmüəllifliklə 2005-ci ildə “Altıdilli izahlı ensiklopedik coğrafiya terminləri lüğəti” və 2008-ci ildə Mahmud Xəlilovla birgə üç dildə “Ensiklopedik ekoloji lüğət” hazırlamışdır. Sonuncu əsər öz sanbalı və irihəcmliliyi ilə fərqlənir. Akademik Həsən Əliyevin 100 illiyinə ithaf olunan bu nəşrə ekologiya və təbiəti mühafizəyə aid 6500-ə qədər termin və anlayış daxil edilmişdir. Lüğət ilk dəfə olaraq ekologiya, torpaqşünaslıq və geologiya, coğrafiya, botanika və zoologiya kimi ayrı-ayrı elm sahələri üzrə tərtib edilmişdir.

Qərib Məmmədov elmi fəaliyyəti ilə yanaşı, həm də ictimai xadim kimi tanınır. O, I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçildikdən sonra millət vəkili kimi hər zaman seçicilərinə, dövlətimizin daxili və xarici siyasətinə, humanizm prinsiplərinə sədaqəti ilə seçilmişdir. Deputat olduğu müddətdə Milli Məclisin “Ekologiya məsələləri üzrə” Daimi Komissiyasının, həmçinin Azərbaycan-Çin Parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu, torpaq icarəsi, torpaq bazarı və digər əlaqədar qanunvericilik aktlarının qəbul edilməsində əhəmiyyətli rol oynamışdır. Bununla yanaşı, Qərib Məmmədov bitki karantini, bitki mühafizəsi, toxumçuluq, balıqçılıq, meliorasiya və irriqasiya, seleksiya nailiyyətləri, ətraf mühitin mühafizəsi və s. haqqında qanunların müzakirəsində də yaxından iştirak etmişdir.

Məlum olduğu kimi, müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar islahatların və onların mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, bunun əsasında kənd təsərrüfatının inkişafı, Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olması arzusunun nəhayət reallaşması, torpağa münasibətdə tarixi ədalətin bərpa edilməsi və yeni torpaq-əkinçi münasibətlərinin formalaşması müasir tariximizin ən önəmli səhifələrindən biridir. Bu “səhifə”nin yazılmasında Qərib Məmmədovun da məxsusi xidmətləri olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 iyun 1997-ci il tarixli sərəncamı ilə əvvəl Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci il tarixli sərəncamı ilə isə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. Ümummilli liderin torpaq islahatlarının həyata keçirilməsi ilə bağlı siyasəti Qərib Məmmədovu özünüifadə üçün bəlkə də ən doğru ünvana yetirmişdi. Alimin rəhbər işçi kimi uğurlu fəaliyyəti ölkə Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmiş və o, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri kimi fəaliyyətini 2015-ci ilə kimi davam etdirərək, dövlətin torpaq və aqrar siyasətinin həyata keçirilməsində, eləcə də torpaq ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində müvafiq idarəetmənin təmin edilməsində mühüm rol oynamışdır. Torpaq kadastrı, yerquruluşu və torpaq tədqiqatları, bələdiyyə əraziləri və xəritələrinin verilməsi, kartoqrafiya, geodeziya və topoqrafiya işləri Qərib Məmmədovun rəhbərliyi ilə çox uğurla həyata keçirilmişdir. O, həmçinin respublikamızın dövlət sərhədlərinin delimitasiya və demarkasiyası məsələlərində bilavasitə iştirak etmişdir.

Qərib Məmmədov komitə sədri kimi fəaliyyəti dövründə ölkəmizdə həyata keçirilən torpaq islahatının nəticələrini özündə əks etdirən “Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları”, “Heydər Əliyev Torpaq islahatları regionların sosial-iqtisadi inkişafının əsasıdır”, “Azərbaycanda aqrar islahatlar tənəzzüldən ərzaq təhlükəsizliyə doğru”, “Azərbaycanda Heydər Əliyevin aqrar islahatları və digər sanballı əsərlər yazmışdır.

Dövlətin mühüm strateji prioritetlərindən olan ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ehtiyat torpaqların əkin dövriyyəsinə daxil edilməsində, Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi ərazilərin, eləcə də qaçqın və məcburi köçkünlərə həyətyanı torpaq sahələrinin yerquruluşu qaydasında ayrılmasında, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin layihələndirilməsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri kimi Qərib Məmmədovun xidmətləri əvəzsiz olmuşdur.

O, istər komitə sədri, istərsə də AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi kimi ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə qəbul edilmiş dövlət proqramlarının (Azərbaycan Respublikası regionlarının 2004-2008, 2009-2013 və 2014 -2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramları, "Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqramı”, "Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006 -2010-cu illər üçün Kompleks Tədbirlər Planı”, "2008 -2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və s.) həyata keçirilməsində yaxından iştirak etmişdir. Qərib Məmmədov komitə sədri olarkən icrasında mühüm rol oynadığı iki nəşr layihəsini xüsusilə qeyd etmək lazımdır. Bunlardan biri Azərbaycan Respublikası Milli Atlası, digəri isə “Cənubi Qafqaz. 1903-cü il” xəritəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Milli Atlasın nəşrinin ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq 20 aprel 2011-ci il tarixli sərəncam imzalamışdır. Həmin sərəncamla Qərib Məmmədov redaksiya heyətinin məsul katibi təyin olunmuşdur. 2014-cü ildə çap olunan Milli Atlas xüsusi növ kartoqrafik əsər olaraq, yüksək elmi səviyyəsi, böyük həcmi, məzmununun və kartoqrafik xarakteristikasının tamlığı və detallığı, müxtəlif hissələrinin, ayrı-ayrı xəritələrinin bir-biri ilə tam şəkildə uzlaşması ilə digər analoji fundamental kompleks atlaslardan xeyli üstündür.

Nəşr edilməsində Qərib müəllimin yaxından iştirak etdiyi “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin də dövlət əhəmiyyəti böyükdür. Xəritə Ermənistan Respublikasında olan coğrafi adların bütövlükdə azərbaycanlılara məxsusluğunu, İrəvan quberniyasının yaşayış məntəqə adlarının, demək olar ki, hamısının Azərbaycan-türk mənşəli olmasını aşkar şəkildə göstərir. Ermənilərin əsassız iddialarına sərt cavab olduğu üçün vətənpərvər alim və ictimai xadim xəritəni bir çox dövlət orqanlarına, bütün xarici səfirlik və nümayəndəliklərə göndərməklə yanaşı, ABŞ-da, Avropanın ayrı-ayrı ölkələrində onun təqdimatlarını keçirmişdir.

Akademik Qərib Məmmədovun qazandığı elmi uğurlar, yüksək təşkilatçılıq qabiliyyəti həmişə ölkəmizdə və xaricdə yüksək qiymətləndirilmişdir. Elə bunun nəticəsidir ki, o, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Beynəlxalq Torpaqşünaslar Cəmiyyətinin ömürlük üzvü, Rusiya Ekologiya Akademiyasının akademiki, Beynəlxalq "Neosfer" Akademiyasının həqiqi üzvü, Avropa Beynəlxalq Elmlər Akademiyasının akademiki (Avstriya), Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, Azərbaycan Torpaqşünaslıq Cəmiyyətinin prezidenti, Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyasının üzvü, akademik Həsən Əliyev adına Ekologiya Fondunun sədri seçilmişdir. Alim 2002-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, eləcə də Azərbaycanla Gürcüstan Respublikası arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyalarının sədr müavini, 2004-cü ildə Milli Ensiklopediya Şurasının üzvü təyin olunmuşdur. O, 2010-cu ildən Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür. Qərib Məmmədov, həmçinin SSRİ Xalq Nailiyyətləri Sərgisinin bürünc medalına, V.Dokuçayev adına medala layiq görülmüş, akademik Həsən Əliyev adına mükafat, fəxri diplom və medalla təltif olunmuş, Rusiya Təbiət Elmləri Akademiyasının qızıl medalına, 2012-ci ildə Avrasiya Araşdırma Rəy Mərkəzi tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, respublikada torpaq islahatlarının aparılmasında və torpaq ehtiyatlarından səmərəli istifadəsində xidmətlərinə görə “Qızıl Kürə” Milli Mükafatı ilə təltif olunmuş, 2013-cü ildə isə Kembric Universitetinin sertifikatına və "Əsrin tanınmış alimi" Beynəlxalq diplomuna, eləcə də bir sıra nüfuzlu yerli və beynəlxalq təşkilatların mükafat və diplomlarına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 yanvar 2011-ci il tarixli sərəncamı ilə AMEA-nın strukturunda Aqrar Elmlər Bölməsi yaradılarkən bölmənin akademik-katibi vəzifəsi aqrar sahənin inkişafında rolu nəzərə alınaraq akademik Qərib Məmmədova həvalə edilmişdir. Akademikin rəhbərliyi ilə yeni iqtisadi münasibətlər və beynəlxalq inteqrasiya şəraitində milli kənd təsərrüfatı tədqiqatları sisteminin dinamik və proporsional inkişaf strategiyasının işlənib hazırlanması, elmi-texniki fəaliyyətin planlaşdırılması, təşkili və əlaqələndirilməsi uğurla həyata keçirilmişdir. 2016-cı ildə bölmə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə birləşdirildikdən sonra Qərib müəllim AMEA-nın aqrar məsələlər üzrə müşaviri vəzifəsinə təyin edilmişdir. Bundan başqa, akademik Biologiya və Tibb Elmləri Bölməsinin büro üzvü, “Aqrar və ekologiya elmləri” jurnalının baş redaktorudur. O, həmçinin 2000-ci ildən AMEA “Xəbərlər (biologiya elmləri seriyası)” jurnalının baş redaktorunun müavinidir.

Qərib Məmmədov elmi tədqiqatla yanaşı, kadr hazırlığına da hər zaman ciddi önəm vermişdir. O, respublikada torpaqşünaslıq, ekologiya və meliorasiya sahələrində yüksək ixtisaslı elmi kadrların hazırlanması işində yaxından iştirak edərək bu günə kimi 52 fəlsəfə doktoru, 11 elmlər doktoru hazırlamış, özünəməxsus məktəb yarada bilmişdir. Bu məktəbin yetirmələri respublikamızda, eləcə də xarici ölkələrin tədqiqat və tədris mərkəzlərində fəaliyyət göstərərək, öz nailiyyətləri ilə elmin inkişafına bu gün də sanballı töhfələr verirlər.

Akademik Qərib Məmmədov, həmçinin ayrı-ayrı illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, 1980-ci illərdən etibarən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırkı Azərbaycan Dövlət Pedaqoji Universiteti) Coğrafiya fakültəsində "Torpaqşünaslıq", "Torpaq coğrafiyası" və "Ekologiya" fənlərindən, 1998 -2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Torpaq islahatı"na və "Ekologiya məsələləri"nə həsr olunmuş mühazirələr oxumuşdur. Akademikin pedaqoji fəaliyyətinin xüsusi bir dövrü Bakı Dövlət Universiteti ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 2004-cü ildə BDU-nun biologiya fakültəsində torpaqşünaslıq kafedrası, 2010-cu ildə isə ayrıca ekologiya və torpaqşünaslıq fakültəsi yaradılmışdır. Hazırda həmin fakültədə tələbələr bir neçə ixtisas üzrə, o cümlədən torpaqşünaslıq, ekologiya, aqrokimya, yerquruluşu və torpaq kadastrı ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alırlar. Akademik Qərib Məmmədov Torpaqşünaslıq kafedrası yaradıldığı tarixdən ona rəhbərlik edir. O, həmçinin 2002 -2006-cı illərdə Bakı Dövlət Universitetinin coğrafiya və biologiya fakültələrində Dövlət İmtahan Komissiyasının sədri olmuşdur. Alim 2015-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin Elm və Tədris Mərkəzinin yaradılmasının təşəbbüskarıdır. Akademik pedaqoji fəaliyyəti dövründə ali təhsil müəssisələri üçün bir çox dərslik və dərs vəsaitləri hazırlamışdır.

Şübhəsiz, Qərib Məmmədov kimi elmdə yüksək pillələrə çatmaq hər bir alimin arzusudur. Ancaq bu nəcib istəyi xalqın, dövlətin mənafeyi istiqamətinə yönəldib səmərəli nəticələr əldə etmək xüsusi istedad tələb edir. Qərib müəllimdə bu istedad uzunmüddətli və gərgin əməyin nəticəsi, zəhmətsevərliklə ortaya çıxmışdır.

Ulu öndər Heydər Əliyev elm xadimləri haqqında fikir səsləndirərkən deyirdi: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə gətirə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”. Bu mənada, akademik Qərib Məmmədov alimlər sırasında xüsusi yeri olan dəyərli ziyalıdır. Onun simasında alim, ictimai və dövlət xadimi, müəllim və elm təşkilatçısı kimi xüsusiyyətlər bir insan kimi sadəliyi, təvazökarlığı ilə üzvi şəkildə birləşmişdir. Qərib müəllim hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə nüfuz sahibi olmuş, insanların hörmət və ehtiramını qazanmışdır. İnanırıq ki, akademik Qərib Məmmədov bundan sonra da elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni nailiyyətlərə, uğurlara imza atacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının  Rəyasət Heyəti

"Xalq qəzeti", 7 yanvar 2017-ci il