Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin əsərləri Litva dilində nəşr olunub
09.01.2017 11:48
  • A-
  • A
  • A+

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin əsərləri Litva dilində nəşr olunub

Görkəmli Azərbaycan yazıçısı, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin əsərləri XX əsr ərzində ana dilindən başqa, yalnız rus və fars dillərində kitab halında nəşr edilmişdir. Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra yazıçının əsərlərinin dünya ölkələrində nəşr edilməsi sahəsində mühüm addımlar atılmaqdadır. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin dram və nəsr əsərlərindən, publisistik məqalələrindən seçmələr tədqiqatçının ön sözü və təqdim etdiyi fotomateriallarla birlikdə Rusiyada (1999), Pakistanda (2004), Misir Ərəb Respublikasında (2008), Macarıstanda (2012) və Gürcüstanda (2016) kitab halında çap edilərək həmin ölkələrin ictimaiyyətinə çatdırılmış, böyük maraq doğurmuşdur.

Bu günlərdə Cəlil Məmmədquluzadənin “Nigarançılıq” adlı daha bir kitabı Litva Respublikasının paytaxtı Vilnüs şəhərində nəşr edilmişdir. Kitaba görkəmli yazıçının “Danabaş kəndinin əhvalatları” povestindən bir parça, “Poçt qutusu”, “Kişmiş oyunu”, “Dəllək”, “Pirverdinin xoruzu”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı”, “Xanın təsbehi”, “Qəssab”, “Zırrama”, “Rus qızı”, “Saqqallı uşaq”, “Buz”, “Hamballar”, “Bəlkə də qaytardılar”, “İki ər” hekayələri, “Niyə məni döyürsünüz” felyetonu və “Kamança” pyesi daxil edilmişdir. Kitabın ideya müəllifi və ön sözün müəllifi akademik İsa Həbibbəylidir.

Cəlil Məmmədquluzadənin əsərlərini Litva dilinə Litva Dövlət mükafatı laureatı, Yazıçılar İttifaqının üzvü, professor İrena Aleksaite və Litvada yaşayan tanınmış ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyev tərcümə etmişlər. Tərcüməçilər görkəmli yazıçının əsas qayəsini və orijinalın koloritini Litva oxucularına çatdıra bilmişlər.

Akademik İsa Həbibbəylinin “Nigarançılq” kiatabına yazdığı “Cəlil Məmmədquluzadə - Molla Nəsrəddin - Mirzə Cəlil” adlı ön sözdə Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından olan böyük demokrat yazıçının tərcümeyi-halının əsas məqamları, əsərlərinin ən mühüm ideya-bədii xüsusiyyətləri və dünya şöhrəti Litva oxucularına çatdırılmışdır. Mahir Həmzəyev tərcümənin doğru anlaşılması və Cəlil Məmmədquluzadənin əsərlərinin milli koloritinin asan qavranılması üçün kitaba “İzahlar” yazıb əlavə etmişdir.

Kitabda görkəmli karikatura ustaları Oskar Şmerlinq, Əzim Əzimzadə və qravüraçı rəssam Elturanın karikatura və rəsmlərindən də istifadə olunmuşdur. Kitabın üz qabığında “Molla Nəsrəddin” jurnalının 1906-cı ildə çap olunmuş birinci sayından Oskar Şmerlinqin çəkdiyi “Müsəlman dünyasının oyanması” rəsm əsəri verilmişdir. Annotasiyada Azərbaycan ədəbiyyatının klassiki, tənqidi realizmin və satirik mətbuatın banisi Cəlil Məmmədquluzadənin xalq həyatını realist şəkildə əks etdirdiyi, “insanların azad və ləyaqətlə yaşamasına mane olan halları satira atəşinə tutduğu” xüsusi olaraq qeyd edilmişdir.

Litvada nəşr olunan “Nigarançılıq” toplusu Cəlil Məmmədquluzadənin Baltikyanı ölkələrdə çıxan ilk kitabıdır.

Kitabın tərcüməsi və nəşri Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyinin dəstəyi ilə həyata keçirilmişdir.

Hazırda akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsini dünyanın 25 dilində müqəddimə, fotolar və illüstrasiyalarla birlikdə çapa hazırlayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: