Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Tanınmış geofizik alim Pərviz Məmmədovun 80 yaşı tamam olur
12.01.2017 09:01
  • A-
  • A
  • A+

Tanınmış geofizik alim Pərviz Məmmədovun 80 yaşı tamam olur

Bu gün Azərbaycanın tanınmış geofizik alimi, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Seymostratiqrafiya şöbəsinin müdiri, akademik Pərviz Məmmədovun 80 yaşı tamam olur.

Pərviz Məmmədov 1937-ci il yanvarın 12-də Bakı şəhərində anadan olmuşdur. O, 1954-cü ildə Bakı şəhəri 31 saylı orta məktəbi gümüş medalla bitirmiş və Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1959-cu ildə mühəndis-geofizik ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildən Azərbaycan Neftçıxarma üzrə Elmi-tədqiqat İnstitutunda texnik-operator, böyük radiotexnik, mühəndis-geofizik, böyük mühəndis vəzifələrində çalışmışdır.

1967-ci ildə geologiya-minerologiya elmləri namizədi, 1992-ci ildə geologiya-minerologiya elmlər doktoru elmi dərəcələrini, 1993-cü ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Alim 1968-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının “Geofiziki kəşfiyyat üsulları” kafedrasında assistent, dosent, professor, kafedra müdiri, elmi işlər üzrə prorektor və 1993-1997-ci illərdə rektor işləmiş, hazırda isə həmin qurumda məsləhətçi-professor vəzifəsində çalışır. Eyni zamanda, Geologiya və Geofizika İnstitutunun Seymostratiqrafiya şöbəsinə rəhbərlik edir.

P.Məmmədov beynəlxalq aləmdə də tanınmış geofizik alimdir. O, geofizikada ilk dəfə seysmik dalğaların spektral analizinin geoloji effektliyini tədqiq etmiş, keçmiş SSRİ-də dalğaların dinamik xassələrinin geofiziki interpretasiyada səmərəsini əsaslandıran ilk  tədqiqatçılardandır. 1980-1990-cı illərdə neftli-qazlı çöküntüləri aşkarlamaq imkanı verən “Seysmostratiqrafiya” üsulunun inkişafında, Cənubi Xəzər dibinin və çöküntü qatının öyrənilməsində onun elmi nəaliyyətləri istər keçmiş SSRİ məkanında, istərsə də ABŞ və Avropa geofizikləri tərəfindən yüksək qiymətləndirilmişdir. Alim Cənubi Xəzər meqaçökəkliyinin iyerarxiyasını öyrənmiş, dənizdə bir neçə qeyri-antiklinal tipli neft-qaz yatağı aşkarlamış və istehsalata tövsiyə etmiş, bir sıra xarici şirkətlərin sifarişilə elmi tədqiqatlar aparmışdır. Beynəlxalq elmi layihələr üzrə (INTAS, CRDF, MEBE-Orta Şərq hövzələrinin evolyusiyası və DARIUS) elmi-tədqiqatların rəhbəri və icraçısı olmuşdur.

P.Məmmədov 240-dan artıq elmi əsərin müəllifidir. Onun əsərlərinə yerli və xarici jurnallarda çoxlu sayda istinad olunur. Akademikin rəhbərliyi ilə 3 elmlər doktoru və 10 fəlsəfə doktoru hazırlanmışdır.

Alim elmi-pedaqoji fəaliyyətlə yanaşı, elmi-təşkilati və ictimai işlərlə də fəal məşğul olur. O, hazırda 4 elmi jurnalın redaksiya heyətlərinin üzvüdür. Amerika-Azərbaycan Elmin İnkişafı Fondunun (CRDF), ARDNŞ-in Elm Fondunun eksperti, AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini, Geologiya və Geofizika İnstitutu nəzdindəki dissertasiya şurasının sədr müavini, ADNA-da magistr İxtisaslaşmış şurasının sədridir. Həmçinin Beynəlxalq Geofizika Cəmiyyətinin, Amerika Neftçi-Geoloqlar Assosiasiyasının və Avropa Geoelm Mühəndisləri  Assosiasiyasının üzvü, eləcədə Beynəlxalq Mühəndislər Akademiyasının (Rusiya) müxbir üzvüdür.

P.Məmmədov səmərəli elmi-pedaqoji fəaliyyətinə görə AR Təhsil Nazirliyinin və AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. 2005-ci ildə Avrasiya Geofiziklər Assosiasiyasının qərarı ilə geofizika elminin inkişafında nailiyyətlərinə görə onun adı “Rusiyanın  görkəmli geofizikləri” ensiklopediyasına salınmışdır. O, ilk azərbaycanlı alim olaraq 2010-cu ildə “Görkəmli geofizik S.Q.Komarov” adına medal ilə təltif olunmuşdur. 2016-cı ildə Azərbaycan ərazisində Yer qabığının geoloji dərinlik quruluşunun geofiziki üsullarla öyrənilməsi istiqamətində əldə etdiyi fundamental nəticələrə və uzunmüddətli pedaqoji fəaliyyətinə görə AMEA-nın akademik Musa Əliyev adına mükafatına layiq görülmüşdür.

Görkəmli alimi 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: