Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

25.01.2017 17:16
  • A-
  • A
  • A+

“Baba ocağı” romanının təqdimat mərasimi keçirildi

“Baba ocağı” romanının təqdimat mərasimi keçirildi

Yanvarın 25-də AMEA-nın Folklor İnstitutunun Azsaylı xalqların folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nizami Muradoğlunun qələmə aldığı “Baba ocağı” romanının təqdimat mərasimi keçirildi.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda gerçəkləşən mərasimdə Humanitar Elmlər Bölməsinə daxil olan müəssisələrin əməkdaşları iştirak edirdi.

Tədbiri giriş sözü ilə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov açaraq yeni bir dəyərli əsərinin işıq üzü görməsi münasibətilə müəllifi təbrik edib. Bildirib ki, N.Muradoğlunun yeni romanında baş verən hadisələr XX əsrin əvvəllərində, erməni təcavüzünün tüğyan etdiyi illərdə, əsasən, Ordubad rayonunun Əylis kəndində cərəyan edir. Müəllif romanda dövrün ziddiyyətli hadisələrini, ermənilərin iç üzünü, mənəvi puçluğunu realist boyalarla, təsirli həyat səhnələri ilə təsvir etməyə çalışmışdır.

Sonra Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Məmməd Əliyev çıxış edərək kitabın məziyyətindən danışıb, tariximizlə bağlı həqiqətlərin təbliği baxımından əsərin əhəmiyyətini qeyd edib. Bildirib ki, tarixi roman janrında yazılan bu əsər epik növün bütün tələblərinə tam cavab verir. Əsərin baş qəhrəmanı Əylis və əylislilərdir. 

“Baba ocağı” romanı Əylis insanlarının yaddaşında bu gün belə yaşayan, nəsildən-nəsilə keçən hadisələr əsasında yazılıb” – deyən M.Əliyev qeyd etdi ki, əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktlar ortaya qoyulur. Əylisin tarixi ilə bağlı bir çox mənbələrdə rast gəldiyimiz faktlar yüksək bədiiliklə ermənilərin bu torpaqlara gəlmə olduğunu bir daha sübut edir.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Klassik Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Mətanət Saraçlı, Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, filoloq İsmayıl Həkimli və başqaları ictimaiyyətə təqdim olunan əsərin tarixi əhəmiyyətindən danışdılar. Çıxış edənlər N.Muradoğlunun yaradıcılığında “Baba ocağı” romanının xüsusi yer tutduğunu söylədilər, əsəri tarixinin təəssübünü çəkən, millətini sevən müəllifin yaratdığı mükəmməl sənət abidəsi kimi dəyərləndirdilər.

Sonda müəllif N.Muradoğlu tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi, nəşrin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: