Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan” jurnalının yeni nömrəsi akademik Rafael Hüseynovun “Yaşa, yaşa, çox yaşa” yazısı ilə açılır
30.01.2017 13:10
  • A-
  • A
  • A+

“Azərbaycan” jurnalının yeni nömrəsi akademik Rafael Hüseynovun “Yaşa, yaşa, çox yaşa” yazısı ilə açılır

“Azərbaycan” jurnalının 2017-ci ildəki ilk sayı işıq üzü görüb.

Jurnalın bu nömrəsi Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun “Yaşa, yaşa, çox yaşa” yazısı ilə açılır. Akademik bu yazıda 95 illik “Azərbaycan” jurnalı ilə bağlı düşüncələrini oxucularla bölüşür: “İndi 90-ı adlayıb 100-ə doğru irəliləyən “Azərbaycan”ın keçmiş adlarını ard-arda düzüb düşünərkən içərimdə bu qənaət də yaranır ki, əslində, hərəsi bir epoxanı, tərəqqi yolumuzun bir mərhələsini əks etdirən o adların hər biri çox rəmzidir və dərin həqiqəti ifadə edir. Çünki yaşadığı ömür yolu açıqca göstərir ki, “Azərbaycan” zamanına görə həm maarifin, savadlanmanın, daxilən işıqlanmanın və geniş ölçüdə mədəniyyətin, həm inqilabi dəyişikliklərlə müşayiət edilən mədəni quruculuğun, həm də Vətən uğrunda mübarizələrin ümdə meydanı olub”.

Yeni nömrədə Günel Natiqin “Ağrını incəsənətə çevirən dahi”, Vahid Qazinin “Tanrılarla baş-başa”, Ülvi Babayevin “Fələk qırmancı” romanında postmodern elementlər və sosial funksiya”, Vaqif Yusiflinin “Xudam əsirgəməz rəhmini məndən”, Anarın “Əkinçi haqqında xatirələr”, İsrafil İsrafilovun “Tarixdə yaşayan “Ölülər” sərlövhəli maraqlı yazıları yer alıb.

“Poeziya” rubrikasında Musa Yaqub, Rəfail Tağızadə, Musa Ələkbərli, Saleh Qurbanov, Nuranə Nur, Fərid, Adilə Nəzər, Qədiməli Əhmədin şeirləri təqdim edilib. “Nəsr” rubrikasında Mübariz Cəfərlinin “Şəklin arxasında” povesti, Təranə Vahidin esseləri və “Mən toz dənəsiyəm” hekayəsi, Vüsal Nurunun “Tüklü sabun” hekayəsi, Namaz Məmmədoğlunun “Günortadan sonrakı zəng” hekayəsi və digər maraqlı ədəbi nümunələr dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: