Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Folklor Studiyasının xətti ilə Azərbaycan xalq musiqisinin ayrı-ayrı sahələrini əks etdirən xüsusi albom-disklər buraxılır
31.01.2017 15:17
  • A-
  • A
  • A+

Folklor Studiyasının xətti ilə Azərbaycan xalq musiqisinin ayrı-ayrı sahələrini əks etdirən xüsusi albom-disklər buraxılır

Məlum olduğu kimi, AMEA-nın Folklor İnstitutunun əsas fəaliyyət istiqamətləri folklor nümunələrinin toplanılması, tərtibi və araşdırılması ilə bağlıdır. Bununla yanaşı, Azərbaycan folklor nümunələrinin tanıdılması və təbliği də institutun məqsəd və vəzifələri sırasına daxildir. Bu məqsədlə institutun nəzdində fəaliyyət göstərən Folklor Studiyasının xətti ilə Azərbaycan xalq musiqisinin ayrı-ayrı sahələrini əks etdirən xüsusi albom-disklər buraxılır. Bu materiallar institutda folklor fondunun əsaslı şəkildə qurulması üçün vacibdir.

Bundan əlavə, Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “İrs” ansamblı tərəfindən 20 mahnıdan ibarət iki albom (audio CD) buraxılıb. AMEA-nın “Keçmişimizi unutmayaq!” layihəsi çərçivəsində “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarından seçmələr əsasında albom işıq üzü görüb. “Quba yəhudiləri” etnoqrafik sənədli filmi (33 dəqiqəlik) də studiyanın gördüyü uğurlu işlərdəndir. Burada Azərbaycanın qədim milli rəqslərindən ibarət rəqs proqramı da hazırlanıb. 

Hazırda studiyada iki hissədən ibarət layihə çərçivəsində Azərbaycanda yaşayan bütün azsaylı xalqların tarixi və adət-ənənələri haqqında, o cümlədən xalqımızın həyat tərzinə çevrilən multikultural dəyərlərlə bağlı silsilə filmlərin çəkilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə 2016-cı ilin iyulunda Folklor Studiyasında bərpa-təmir işlərinə başlanılıb və görülən işlər nəticəsində studiya müasir görkəm alıb. Studiyanın rejissoru Qasım Nağıyev, operatoru Əlisəftər Məmmədov, səs rejissoru İffət Əsgərov, səs texniki isə Ramin Abdullayevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: