Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.02.2017 10:26
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

Humanitar Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) növbəti iclası keçirilib.

Tədbirdə bölmənin akademik-katibi, akademik Teymur Kərimli gündəlikdə yer alan elmi-təşkilati məsələlər barədə məlumat verib.

İclasda əvvəlcə HEB-in elmi tədqiqat müəssisələrində 2016-2017-ci tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə olunub. Bildirilib ki, dissertasiya mövzuları müasir elmin qarşısında duran əsas tələb və vəzifələrə uyğun seçilməli, mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb etməlidir. Doktorant və dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün əhəmiyyətli mövzulara üstünlük verilməsi tövsiyə olunub.

Müzakirələrdən sonra qəbulun nəticələrinin təsdiqi və mövzuların Rəyasət Heyətinə təqdim olunması haqqında qərar qəbul edilib.

Bölmənin növbəti qərarı ilə Memarlıq və İncəsənət İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik olunub. Şöbə rəisləri vəzifələrinə yeni təsdiq olunan AMEA-nın müxbir üzvləri Zemfira Səfərova və Rəna Məmmədova, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Abdullayeva, memarlıq üzrə fəlsəfə doktorları Sabir Orucov və Rahibə Əliyeva və sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov Elmi şuranın tərkibinə daxil ediliblər.

İclasda, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elm-təhsil inteqrasiyası" müsabiqəsinə təqdim ediləcək layihələr müzakirə olunub və müvafiq qərarlar verilib.

Daha sonra HEB-in Rəyasət Heyətinə təqdim edəcəyi "AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri" mövzusunda hesabat məruzəsinə baxılıb. Akademik Teymur Kərimli bildirib ki, elmi müəssisələrdə aparılan tədqiqat işləri Azərbaycanın müstəqilliyinin və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, beynəlxalq aləmə fəal inteqrasiyasına və bu prosesdə maddi-mənəvi dəyərlərinin qorunmasına istiqamətlənib.

Bölmənin akademik-katibi ötən ildə bölmə üzrə elektron elmin vəziyyəti, elmi kadrların hazırlanması, məqalələrin beynəlxalq indeksli jurnallarda dərci, müəssisələrin beynəlxalq əlaqələri, elmlə təhsilin inteqrasiyası və digər məsələlər barədə də məlumat verib.

Məruzə dinlənildikdən sonra geniş müzakirələr aparılıb, hesabatın qənaətbəxş sayılması və Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: