Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Azərbaycanın geoekoloji xəritəsi” tərtib edilib
19.02.2014 00:00
  • A-
  • A
  • A+

“Azərbaycanın geoekoloji xəritəsi” tərtib edilib

AMEA Geologiya İnstitutu “Azərbaycanın geoekoloji xəritəsi”ni tərtib etmişdir. Azərbaycan ərazisi üçün 1:600000 miqyasda ilk dəfə hazırlanmış xəritədə geoloji mühitin texnogen təsir nəticəsində məruz qaldığı dəyişikliklər, zəlzələ ocaqları, palçıq vulkanları, sürüşmələr, torpaq çökmələri, sellər, şoranlaşmalar, eroziya və digər proseslər əks olunur. Burada ekzogen geoloji proseslərin intensiv inkişaf etdiyi ərazilərin sərhədlənməsi, ölkə ərazisinin içməyə yararlı yeraltı sularla təminatlılıq dərəcəsinə görə rayonlaşdırılması, həmçinin ekoloji əhəmiyyətli, ekoloji təhlükəli obyektlər, karbohidrogen və yeraltı su yataqları da yer alıb. Xəritədə, həmçinin dib çöküntüləri və torpaq qatının çirklənməsi, texnogen təsir altında geoloji gərgin proseslərin aktivləşmə meylləri, digər amillər və proseslər haqqında da əhatəli məlumat verilir.

Geologiya-mineralogiya elmləri doktorları Adışirin Ələkbərov və Yusif İsrafilovtərəfindən hazırlanmış yeni nəşr AMEA prezidenti, akademik Akif Əlizadəninsədrliyi ilə institutda keçirilmiş Elmi Şuranın iclasında təqdim olunub. A.Ələkbərovun metodikası əsasında hazırlanmış xəritənin baş redaktoru akademik Akif Əlizadə, redaktorları AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin(DTXK) sədri, akademik Qərib Məmmədov və Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı, coğrafiya elmləri doktoru Fərda İmanovdur. Xəritə DTXK Kartoqrafiya Fabrikində nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: