Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın elmi nəşrləri Rusiyanın məşhur portalında yerləşdirilib
21.02.2017 15:23
  • A-
  • A
  • A+

AMEA-nın elmi nəşrləri Rusiyanın məşhur portalında yerləşdirilib

Uzun illərdir ki, Azərbaycan və Rusiya alimləri arasında riyaziyyat və mexanika sahəsində sıx əlaqələr davam edir. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə Rusiya Elmlər Akademiyasının (REA) V.А.Steklov adına Riyaziyyat İnstitutu arasında bağlanmış əməkdaşlıq haqqında saziş də bu qəbildəndir. Müqavilə zəngin təcrübə və qədim ənənələrə malik institutların birgə tədqiqatlar və elmi layihələr həyata keçirməsini, qarşılıqlı maraq doğuran sahələrdə elmi informasiya mübadiləsi aparmasını nəzərdə tutur.

Dünyanın riyazi tədqiqat mərkəzlərindən olan REA-nın Steklov adına Riyaziyyat İnstitutu riyaziyyat, mexanika, nəzəri fizika və informatikanın ən müasir sahələrində mühüm nailiyyətlərə imza atmışdır. Rusiyalı və xarici riyaziyyatçılara bu elm sahəsində baş verən yeniliklər haqqında məlumat verən informasiya sistemi – Math-Net.Ru ümumrusiya riyazi portalı qurumun fəaliyyətinin xüsusi istiqamətini təşkil edir.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov və REA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunun direktoru, akademik V.V.Kozlov tərəfindən imzalanmış saziş çərçivəsində “Transactions of the Azerbaijan National Academy of Sciences (series of physical-technical and mathematical sciences (issue mathematics and mechanics)” və “Proceeding of Institute of Mathematics and Mechanics of the Azerbaijan NAS” jurnallarının lisenziyalı materialları www.mathnet.ru saytına təqdim edilmişdir.

Müqavilə AMEA ilə əməkdaşlıq edən alimlərin riyaziyyat, mexanika, fizika və informatika sahəsində olan çoxsaylı dövri nəşrlərə və yazılara qarşılıqlı çıxışını təmin etməyə imkan verməklə yanaşı, Azərbaycan alimlərinin elmi nailiyyətlərinin beynəlxalq mühitdə tanınmasına da geniş imkanlar yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: