Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Beynəlxalq elmi mətbuatda ilk dəfə olaraq Naxçıvan xalçaları ilə bağlı məqalə dərc olunub
23.02.2017 09:47
  • A-
  • A
  • A+

Beynəlxalq elmi mətbuatda ilk dəfə olaraq Naxçıvan xalçaları ilə bağlı məqalə dərc olunub

Beynəlxalq İnformasiya Tədqiqatları və Təhlili jurnalında (International Journal of Information Research and Review) “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun rəhbəri, Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovun “XVIII-XX əsrin əvvəllərində Naxçıvanda xalçaçılığın vəziyyəti” adlı məqaləsi nəşr olunub.

Məqalədə qeyd olunur ki, Naxçıvan diyarında qədim dövrlərdə meydana gəlmiş xalçaçılıq erkən orta əsrlər dövründən başlayaraq müstəqil sənət sahəsinə çevrilib. Müəllif qeyd edir ki, Naxçıvan diyarı şəddə və vərni kimi xalça məmulatlarının istehsal edildiyi ilk ərazilərdən hesab olunur. Məhz XVIII-XX əsrin əvvəllərində xarici bazarlarda xalça məmulatlarına tələbatın kəskin şəkildə artması Naxçıvan diyarında bu sənətin inkişafına güclü təkan verib.

Qeyd edək ki, Vidadi Muradov xalçaçılıq tarixinə dair bir sıra elmi-fundamental tədqiqatların, monoqrafiyaların, broşürlərin, dərsliklərin, televiziya filmlərinin, həmçinin Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Qazax-Borçalı, Təbriz, Quba, Şirvan qruplarına həsr edilmiş və dünyanın müxtəlif ölkələrində nəşr olunmuş əsərlərin müəllifidir. O, Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının təsisçisi və baş redaktorudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: