Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Jest dilinin informatikası problemləri araşdırılır
28.02.2017 14:19
  • A-
  • A
  • A+

Jest dilinin informatikası problemləri araşdırılır

İnsanlar arasında ünsiyyət fəaliyyətinin reallaşmasının ən mühüm vasitəsi dildir. Lakin dil yeganə ünsiyyət vasitəsi deyil. Belə ki, fikir ifadə olunarkən əl hərəkətləri və üzün mimikası ilə də informasiya ötürülür. Jest gözün ifadəsi, üzün mimikası, baş və bədən hərəkətlərinin məcmusu olub, jest nitqinin intuitiv seçilən vahididir. Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Kəmalə Qurbanova Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminarda çıxışı zamanı bildirib.

Məruzəçi jest (işarə) dilinin tarixi, inkişaf mərhələləri və müasir vəziyyəti barədə geniş məlumat verib. Onun sözlərinə görə, jestlərin kombinasiyasından hazırlanmış müstəqil dil olan jest dilinin yaranma kökləri uzaq keçmişə bağlıdır. Belə ki, insanlar qədim zamanlardan fikri səslə yanaşı, jestlərlə də ifadə etməyə üstünlük verirlər. Bu dilin istifadəçilərini iki sinfə bölmək olar: eşitmə məhdudiyyəti olan insanların və səsli dillə danışan insanların jest dili.

K.Qurbanova qeyd edib ki, jest dili ilə ünsiyyət metoduna 2 müxtəlif baxış mövcuddur. Humanitar-sosial elmi baxışda (R.Berdvistel) jest dilinin müəyyənləşdirilməsi qrup daxilində konkret mədəniyyət çərçivəsində formalaşır, onun istifadə dairəsi nisbətən lokallaşır, bu dil yalnız insanlara aid edilir. Təbiət elmlərinə əsaslanan fizioloq və psixoloqlar (P.Ekman, V.Xof) isə müxtəlif mədəniyyətə malik olan insan davranışının bioloji əsaslarına diqqəti cəmləyərək jest dilini bütün canlılara şamil edirlər.

“Jestin mədəniyyətin inkişafındakı roluna rəqsi, baleti, pantomima teatrını və s. göstərmək olar. Hərflərdən sözlər, sözlərdən ifadə və cümlələr yarandığı kimi rəqqas da müxtəlif kombinasiyalar qurub rəqsin kompozisiyasını hazırlayır. Bu, fikri ifadə etmək üçün fiziki və mənəvi enerjinin sintezidir. Tamaşaçı məhz bu kombinasiyaları izləyərək rəqqasın monoloq və dialoqlarını “oxuya” bilir”, – deyə məruzəçi qeyd edib.

O, dünyada 360 milyondan çox insanın eşitmə qabiliyyətini itirərək ünsiyyət problemindən əziyyət çəkdiyini diqqətə çatdırıb, bu rəqəmin Yer kürəsi əhalisinin 5 faizini təşkil etdiyini söyləyib. Bildirib ki, bu problem ən çox Asiyanın Sakit okean ərazisində yerləşən dövlətlər qrupunda və Cənubi Afrika ölkələrində qeydə alınıb.

K.Qurbanovanın sözlərinə görə, 1951-ci ildə yaradılmış ilk Ümumdünya Karlar Cəmiyyətinin təklifi ilə eşitmə məhdudiyyətli insanların problemlərinə diqqəti cəlb etmək məqsədilə 1958-ci ildən etibarən hər il sentyabr ayının son bazar günü Ümumdünya Karlar Günü kimi qeyd olunur. Bu cəmiyyətin fəaliyyəti nəticəsində eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına və müxtəlif tədbirlərdə, idman yarışlarında iştirakına imkan yaradılmışdır.

O, bildirib ki, Azərbaycanda hər il 130-150 lal və kar uşaq doğulur. Təxminən hər doğulan 1000 uşaqdan biri və ya ikisi eşitmə əngəlli olur. 1929-cu ildə “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyi yaradılmışdır. 1962-ci ildə Bakıda Azərbaycanda eşitmə əngəlli insanlar üçün ilk məktəb açılmışdır. Hazırda sağlamlıq imkanları məhdud olan insanlar üçün Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran və digər şəhərlərdə də məktəblər fəaliyyət göstərir.

“Jest dili inkişaf edir, yeni jestlərlə ifadə formaları hazırlanır, istifadə olunmayan jestlər isə aktuallığını itirir”, – deyə bildirən məruzəçi həmçinin müxtəlif ölkələrin jest dilləri, müvafiq sahə ilə bağlı aparılmış elmi tədqiqatlar, təşkil olunmuş konfranslar, jest dili ilə ünsiyyət qurmağa imkan verən texnoloji vasitələr və s. haqqında məlumat verib.

K.Qurbanova bildirib ki, jestlərlə ünsiyyət fiziki məhdudiyyəti olan insanlarla yanaşı, sağlam insanların da fikrini tamamlayır, aydınlaşdırır və dəqiqləşdirir. Bu səbəbdən ölkələr arasında jest dilinin kommunikasiyası, yəni qeyri-şifahi ünsiyyət metodunun müxtəlif millətlər üçün ortaq bir nöqtəyə gətirilməsi olduqca aktualdır. Bütün dünya üzrə eşitmə məhdudiyyətli insanların həyat şəraitini yaxşılaşdırmaq və cəmiyyətə inteqrasiyasına nail olmaq üçün informasiya texnologiyaları sahəsində jest dili ilə bağlı fundamental tədqiqatların aparılması, müxtəlif sistemlərin qurulması zəruridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: