Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabının təqdimatı olub
01.03.2017 09:41
  • A-
  • A
  • A+

“Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabının təqdimatı olub

Fevralın 28-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunda filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Moisey Xorenatsi anonim keşiş müəllifdir” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, müəllif əsərdə mötəbər qaynaqlara istinad edərək, erməni tarixşünaslığı üçün əsas mənbə hesab olunan “erməni tarixinin atası” M.Xorenatsinin şəxsiyyətini təkzib edir. Kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin “erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş “Armeniya tarixi” əsərlərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin öz xalqına yazdıqları “qədim tarix” kitablarının saxta və uydurma olduğu elmi əsaslarla sübuta yetirilir.

Sonra AMEA-nın müxbir üzvü Vəli Əliyev “Azərbaycan tarixşünaslığında yeni istiqamət” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Ə.Tağıoğlu problem ətrafında apardığı geniş araşdırmalarda M.Xorenatsinin anonim keşiş olduğunu təkzibedilməz maddi sübutlarla aşkara çıxararaq, erməni kilsəsinin və onun tarixçi varislərinin ilk mənbə hesab etdikləri “Moisey Xorenatsi” mifini darmadağın edir. Bu baxımdan o, mötəbər mənbələrə söykənərək Kilikiya kilsəsində anonim keşiş müəllifin adına tərtib edilmiş “Hayastan tarixi”nin ilk erməni mətninin V əsrə deyil, XIV əsrə aid olduğunu yazır.

Qeyd olunub ki, “Hayastan” adında “dövlətin” “tarixən mövcud olması” barədə M.Xorenatsinin kitabından başqa bu günə kimi, hətta erməni və ermənipərəst muzdlu Avropa və rus arxeoloqlarının aşkarladıqları arxeoloji maddi-mədəniyyət nümunələrində, habelə heç bir qaynaqda, mötəbər mənbədə qeydə rast gəlinmir.

Tədbirdə tarix elmləri doktoru Qasım Hacıyev, filologiya elmləri doktoru İlhami Cəfərsoy, filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu, yazıçı-publisist Yunus Oğuz və başqaları çıxış edərək bildiriblər ki, kitab tarixçilərimizi azərbaycançılıq işığı altında “Ata tarixi”ni yazmağa vətəndaşlıq çağırışıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: