www.science.az
01.03.2017 09:38

AMEA-da təbiətşünaslığın tarixinə dair oçerklər hazırlanacaq

AMEA prezidenti, akademik Akif Əlizadənin 30 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Elm Tarixi İnstitutu tərəfindən təbiətşünaslığın tarixinə dair beşcildlik oçerklər hazırlanacaq.

Akademik Akif Əlizadənin redaktoru olacağı oçerklərin hazırlanmasında məqsəd təbiət elmlərinin tarixinin araşdırılması, bu elmlərin Azərbaycanda təşəkkülünün və inkişaf mərhələlərinin öyrənilməsi, həmçinin yetişməkdə olan gənc nəsildə elmi dünyagörüşün formalaşdırılmasıdır.

Oçerklər Şamaxı Astrofizika RəsədxanasıFizika, Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası, Polimer Materialları, Coğrafiya institutları və digər müvafiq qurumlarla birgə hazırlanacaq.

Bu məqsədlə Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, elmi işlər üzrə direktor müavini, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə, elmi işçilər Aysel Bədəlova və Röya Mirzəbəyova Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar. NKPİ-nin direktoru, akademik Vaqif Abbasovla keçirilən görüşdə oçerklərin hazırlanmasının gedişatı müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.