Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2017 17:46
  • A-
  • A
  • A+

Humanitar elmlər üzrə tədqiqatların vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Humanitar elmlər üzrə tədqiqatların vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Martın 6-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzəsi dinlənilib. Akademik rəhbərlik etdiyi bölmədə yerinə yetirilən elmi və elmi-təşkilati işlər haqqında geniş məlumat verib. Bildirib ki, ötən müddət ərzində apa­rı­lan tədqiqat işləri ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və intellektual inkişafına istiqamətlənib, elmi-təşkilati fəaliyyətdə innovativ ideyaların tətbiqinə xüsusi önəm verilib.

İclasda akademik Teymur Kərimli institut və təşkilatların 2016-cı ildə əldə etdiyi mühüm nəticələrdən danışıb: “Bölmə üzrə 9-u xaricdə olmaqla 167 kitab, 232-si xaricdə olmaqla 2024 məqalə və 37-si xaricdə olmaqla 160 tezis nəşr edilib. İmpakt faktorlu jurnallarda əməkdaşların 29 məqaləsi çap olunub. Alimlərin elmi əsərlərinə 111 dəfə istinad edilib. Bölmənin elmi müəssisələrində fəlsəfə doktorluğu üzrə 43, elmlər doktorluğu üzrə 5 dissertasiya işi  müdafiə edilib.  Hazırda 46 əyani, 98 qiyabi doktorant, 235 dissertant və 11 magistrant təhsil alır. Bundan başqa, keçən il bölmə üzrə əməkdaşlar 5 qrant proqramının qalibi olublar”.

Akademik-katib bölmənin elm və təhsilin inteqrasiyası və beynəlxalq əlaqə­lərinin genişləndiril­məsi sahəsində fəaliyyətindən də bəhs edib. Bildirib ki, ötən il elmi müəssisələrdə Təhsil Nazirliyinin xətti ilə ali təhsil ocaqlarının alim kollektivi stajartırma, tələbələri isə təcrübəkeçmə kurslarında iştirak ediblər. Ölkə universitetləri ilə elm və təhsil sahəsində birgə fəaliyyəti nəzərdə tutan bir sıra əməkdaşlıq müqavilələri imzalanıb və bölmə üzrə 100-dən çox alim və mütəxəssis ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğuldur.

2016-cı ildə bölmənin institut və təşkilatlarının Almaniya, Polşa, Türkiyə, Rusiya, Ukrayna, Türkmənistan, Özbəkistan, İran, Çin və digər ölkələrin elmi və ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirdiyini deyən akademik-katib bu ölkələrin elm və mədəniyyət xadimləri ilə görüşlər keçirildiyini, bölmə alimlərinin elmi ezamiyyətlərə göndərildiyini qeyd edib.

Məruzəçi ölkə başçısı tərəfindən təsdiq edilmiş dövlət proqramları çərçivəsində, o cümlədən Rəyasət Heyətinin qərarları ilə keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlər haqqında da ətraflı məlumat verib.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Müəyyən olunan perspektiv istiqamətlər Humanitar Elmlər Bölməsinin gələcək fəaliyyəti üçün əsas kimi qəbul edilib. Bundan başqa, bölməyə daxil olan müəssisələrin elmi fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün ortaq mültidissiplinar proqram və layihələrin hazırlanması, elmi tədqiqatların əlaqələndirilməsi, gənc alimlərin beynəlxalq miqyaslı qrant müsabiqələrdə iştirakının təmin edilməsi, həmçinin perspektiv istiqamətlərdə magistratura və doktorantura üzrə kadr hazırlığının aparılmasına dair tapşırıqlar verilib.

İclasda AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin qeydə alınmasının nəticələri haqqında müzakirə aparılıb. Rəyasət Heyəti namizədlərin siyahısının təsdiqi, AMEA-nın mətbu orqanında dərc edilməsi və digər tədbirlər haqqında qərar qəbul edib.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Gəncə Bölməsində Yer fizikası şöbəsinin yaradılması haqqında olub. Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bildirib ki, Prezident İlham Əliyev qeyri-neft sektorunu, xüsusilə kənd təsərrüfatı və emal sənayesini ölkənin gələcək inkişafında əsas prioritet sahələr kimi göstərib. Akademik faydalı qazıntıların axtarışı və emalının elmi əsaslarının öyrənilməsi, yüksək texnologiyaların tətbiqinin qeyri-neft sənayesinin inkişafında mühüm tədbirlərdən olacağını qeyd edib.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, Gəncə Bölməsində Yer fizikası şöbəsinin təşkili və əsasnaməsinin təsdiqi haqqında qərar qəbul edib.

İclasda Molekulyar Biologiya və Biotexnologiyalar, Torpaqşünaslıq və Aqrokimya institutlarının Elmi şuralarının tərkiblərinin təsdiqi, AMEA-nın müxbir üzvləri Vaqif Quliyevin 60 illik və Xəlil Qasımovun 75  illik yubileylərinin keçirilməsi haqqında qərarlar qəbul olunub.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: