Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Professor Sakit Hüseynovun 65 yaşı tamam olur
22.05.2013 00:00
  • A-
  • A
  • A+

Professor Sakit Hüseynovun 65 yaşı tamam olur

Mayın 25-də tanınmış filosof, ekoloq və sosioloq, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynovun 65 yaşı tamam olur.

 Sakit Hüseynov 1948-ci il may ayının 25-də Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuşdur. 1966-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Respublikası EA-nın Fəlsəfə və Hüquq İnstitutunun sosiologiya ixtisası üzrə əyani aspiranturasına qəbul olunmuşdur.

 1978-1980-ci illərdə Rusiyanın Yekaterinburq (keçmiş Sverdlovsk) şəhərində tanınmış sosioloq, fəlsəfə elmləri doktoru, professor L. N. Koqanın yanında təkmilləşmə kursu keçmişdir.

 1980-cı ildə namizədlik, 2001-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.

 1985-2005-ci illərdə Azərbaycan Texniki Universitetinin Fəlsəfə və Politologiya kafedrasında dosent vəzifəsində çalışmışdır. 2005-ci ildə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmiş, 2009-cu ildən isə həmin institutun “Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri” şöbəsinin müdiridir.

 Onun əsas elmi fəaliyyəti məişət mədəniyyəti, dini tolerantlıq mədəniyyəti, dini etiqad azadlığı, milli-mənəvi dəyərlər, davamlı inkişaf və davamlı insan inkişafı, məişət ekologiyası və s. sahələri əhatə edir.  

 S.Hüseynov 5 monoqrafiya, 1 dərslik, 7 broşura və metodik vəsait, 150-dən çox elmi məqalənin müəllifidir.

 2008-ci ildən Rusiya Federasiyası Avrasiya İnzibati Elmlər Akademiyasının müxbir üzvüdür.

 Sakit Hüseynovu 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona Ulu Tanrıdan uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

 ©Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: