Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.03.2017 14:05
  • A-
  • A
  • A+

Neft və qaz sahəsində Rusiya-Azərbaycan əməkdaşlığından danışılıb

Neft və qaz sahəsində Rusiya-Azərbaycan əməkdaşlığından danışılıb

Martın 6-da İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində “Neft-qaz sahəsində təhsil, elm və sənaye üzrə Rusiya-Azərbaycan əməkdaşlığının ənənələri. Tarix və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Böyük sovet dövlət xadimi, əslən bakılı Nikolay Baybakovun ad gününə həsr edilmiş konfransın təşkilatçıları Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) və İ.M.Qubkin adına Neft və Qaz Universiteti olub.

Tədbirdə Rusiya Dövlət Duması, Moskva Hökuməti, Rusiya Elmlər Akademiyası (REA), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Rusiya Təbiət Elmləri Akademiyası (RTEA) və Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqı (RNQSİ) adından konfrans iştirakçılarına təbrik məktubları oxunub.

Əvvəlcə “Neft sənayesinin böyük adları” videomaterialı nümayiş etdirilib.

İ.M.Qubkin adına Neft və Qaz Universitetinin rektoru, professor Viktor Martınov bildirib ki, Bakı neft və qaz sənayesinin tarixi vətənidir. İlk quyular, ilk boru kəməri, ilk neft anbarları – bütün bunlar məhz Bakıda olub. Belə güclü başlanğıc neft-qaz sənayesinin inkişafının möhkəm təməlini qoyub. V.Martınov Rusiya ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlığın uğurlu olduğunu qeyd edib.

ÜAK-ın prezidenti, professor Fazil Qurbanov elm-təhsil sahəsinin Rusiya ilə Azərbaycanı birləşdirən başlıca körpü olduğunu diqqətə çatdırıb. İki ölkənin elm və maarif sahəsində əməkdaşlığının çoxəsrlik tarixi olduğunu söyləyən F.Qurbanov bildirib ki, rus mədəni birliyinin təsiri sayəsində artıq XIX əsrdə Azərbaycanda dramaturgiya, teatr və opera sənəti, klassik musiqi intensiv inkişaf etməyə başlayıb. Sovet hakimiyyətinin ilk illərində elm və təhsilə bütün istiqamətlərdə güclü dəstək göstərilməsi savadsızlığı çox qısa müddətdə ləğv etməyə, bir çox ixtisaslar üzrə milli kadrlar hazırlamağa imkan verib. 

RNQSİ-nin prezidenti Gennadi Şmal “Neft sənayesinin inkişaf mərhələləri. N.K.Baybakovun dövrü” mövzusunda məruzə ilə çıxış edib.

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycan alimlərinin Rusiya elminə töhfəsindən danışıb.

Tədbirdə REA-nın Neft və Qaz Problemləri İnstitutunun elmi rəhbəri, akademik Anatoli Dmitriyevskinin “Dünya neft sənayesinin inkişafında Rusiya ilə Azərbaycan elmi birliyinin rolu”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının “Dünyanın neft kadrları ocağı”, İ.M.Qubkin adına Universitetin kafedra müdiri, professor Vaqif Kərimovun “Neft-qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları” mövzularında məruzələri dinlənilib.

Konfrans çərçivəsində ÜAK-ın prezidenti, professor Fazil Qurbanovun və İ.M.Qubkin adına Neft və Qaz Universitetinin rektoru Viktor Martınovun Rusiya Təbiət Elmləri Akademiyasının “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı” ilə mükafatlandırılması mərasimi keçirilib. Medalları RTEA-nın vitse-prezidenti Əzizağa Şahverdiyev təqdim edib.

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev ÜAK-ın prezidenti Fazil Qurbanova “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi” yubiley medalını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: