www.science.az
10.03.2017 15:34

Akademik İbrahim Quliyev: “Azərbaycan dünya elmi və mədəniyyətinə mühüm töhfələr verib”

Xəbər verdiyimiz kimi, martın 6-da İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində “Neft-qaz sahəsində təhsil, elm və sənaye üzrə Rusiya-Azərbaycan əməkdaşlığının ənənələri. Tarix və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev tədbirdə çıxış edərək Azərbaycan və Rusiyanın iki əsrə yaxın olan tarixi əlaqələrindən, bu ölkənin Azərbaycan mədəniyyəti və təhsilinin inkişafındakı rolundan danışıb. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. Alim öz çıxışında Azərbaycanın bəşər sivilizasiyasının ayrılmaz hissəsi olduğunu bildirib: “Uzun və mürəkkəb tarixi inkişaf yolu keçən Azərbaycan elmi dünya elmi və mədəniyyətinə mühüm töhfələr verib. Əsrlər boyu Şərq xalqları mədəniyyətinin inkişafında əvəzsiz xidmətlər göstərib”.

Sonra AMEA-nın vitse-prezidenti konfrans iştirakçılarına Azərbaycanın elm, mədəniyyət və tarixinin inkişafında böyük xidmətləri olan görkəmli şəxsiyyətlər - Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov, Mirzə Kazım bəy, Abbasqulu ağa Bakıxanov, Yusif Məmmədəliyev və digərlərinin həyat və yaradıcılığına dair geniş məlumatlar verib. XX əsrdə Azərbaycanın həm də beynəlmiləl məkana çevrildiyini, ölkədə müxtəlif millətlərin mühüm nailiyyətlərə imza atmış alimlərinin fəaliyyət göstərdiyini qeyd edib, onların yaradıcılığına dair mühüm məqamları diqqətə çatdırıb.

İ.Quliyev Azərbaycan alimlərinin Rusiyada nüvə elminin inkişafında əhəmiyyətli rolu olduğunu vurğulayaraq, hazırda çoxsaylı mütəxəssislərimizin bu ölkədə uğurla fəaliyyət göstərdiklərini, mühüm elmi nailiyyətlərə imza atdıqlarını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.