www.science.az
10.03.2017 17:27

“Xalq nəzarəti” jurnalının Azərbaycan elminə həsr edilən xüsusi buraxılışının təqdimatı olub

Martın 10-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Xalq nəzarəti” jurnalının Azərbaycan elminə həsr edilən xüsusi buraxılışının və Almaniyada dərc olunan “Müasir sosial və humanitar elmlər” jurnalının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Xalq nəzarəti” beynəlxalq ictimai-siyasi hüquq jurnalının əhəmiyyətindən danışıb. Nəşrin ümumilikdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətləri, həyata keçirilən irimiqyaslı layihələri, elm, təhsil və mədəniyyət sahəsində görülən işləri işıqlandırdığını söyləyib.

Bildirilib ki, jurnalın bu nömrəsi AMEA-nın keçdiyi tarixi yola, akademiyanın institutlarında aparılan elmi-tədqiqat işlərinə və dünya elminə verdiyi töhfələrə həsr olunub.

Tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova və digər çıxış edənlər də nəşrin növbəti nömrəsinin AMEA-ya həsr olunmasının əhəmiyyətindən söz açıb, jurnalın yaradıcı heyətinə təşəkkürlərini bildiriblər.

Sonda "Xalq nəzarəti" jurnalının təsisçisi və baş redaktoru İnsaf Əliyeva nəşrin məqsədinin respublikamızda baş verən yenilikləri, ictimai-siyasi həyatında qazanılan uğurları ölkəmizlə yanaşı, beynəlxalq aləmdə də geniş oxucu kütləsinə çatdırmaq, Azərbaycan elmini və mədəniyyətini təbliğ etmək olduğunu bildirib. Baş redaktor nəşrin rubrikaları barədə də məlumat verib.

Təqdimatda "Müasir sosial və humanitar elmlər" elmi-publisistik jurnalı haqqında da danışılıb. Sözügedən jurnalın "Xalq nəzarəti" jurnalının redaksiyası tərəfindən Almaniyada böyük tirajla çapının nəzərdə tutulduğu bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.